“Dünən səhər saatlarında aidiyyatı orqanlarla birlikdə “Azəriqaz” İB-nin texniki heyəti Xırdalan şəhəri, Qalubiyyə küçəsi 20-ci məhəllə, 1 saylı beşmərtəbəli yaşayış binasının partlayış baş verən mənzilinə ümumi baxış keçirib”.
Demokrat.az xəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bugünkü mətbuat konfransında deyib.
O vurğulayıb ki, partlayış baş verən mənzilə baxış zamanı iki qaz cihazının olduğu məlum olub:
“Araşdırma zamanı məlum olub ki, cihaz yerində olmayıb və ona gələn qaz xətti isə açıq olub. İlkin ehtimallara görə, mənzildə təmir işləri aparan zaman orada qazdan istifadə ediblər və sonradan onu bağlamağı unudublar. Yaxud da, təmir olunan zaman oradan cihazı söküblər. Təbii ki, bununla bağlı onların özlərindən tam izahat alındıqdan sonra ictimaiyyətə dəqiq məlumat veriləcək”.
İ.Behbudov qeyd edib ki, bir qayda olaraq mənzildə təmir işləri gedərkən vətəndaşlar aidiyyəti qurumlara məlumat verməlidirlər:
“Bir aydan artıq istifadə edilməyən mənzil sahibləri, həmçinin, mənzildə hansısa təmir işləri gedəndə mütləq qaydada qaz idarəsinə müraciət olunmalıdır və mənzilin qaz təchizatı dayandırılmalıdır. Təmir bitdikdən sonra baxış keçirilməli və qazın yeri dəyişilibmi, sızma varmı və s. bunların hamısı qiymətləndirildikdən sonra mənzilin qaz verilməsinə baxılmalıdır. Bu, "Azəriqaz"ın tələbi yox, Nazirlər Kabinetinin qanunudur".
Aynurə Pənahqızı Demokrat.az


