İkinci Qarabağ müharibəsindən iki ilə yaxın vaxt keçir. Bu müddət ərzində ölkəmizin dünya birliyindəki nüfuzu yüksəlib və mövqeyi əvvəlki illərlə müqayisədə qat-qat möhkəmlənib. İndi Azərbaycan dünyada qalib, Ermənistan isə məğlub ölkə kimi tanınır. Ölkəmizin bu tarixi qələbəni öz gücünə qazanması və bir sıra beynəlxalq təşkilatların təhdid və təzyiqlərinə baxmayaraq, ərazi bütövlüyümüzü təmin etməsi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu qələbədən sonra xarici siyasət sahəsində də önəmli addımlar atılıb. Artıq dünya birliyi Cənubi Qafqazda yaranmış reallıqları qəbul edir. Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bütün bunlar barədə ətraflı məlumat verildi.
Dövlət başçımız nitqində qeyd etdi ki, Ermənistan ölkəmizin beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərini qəbul etmək məcburiyytində qaldı. Əslində, bu fakt Azərbaycanın artıq diktə edən ölkə olduğunu bir daha təsdiqlədi. Ancaq məğlub ölkə hələ də sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atmaq istəmir. Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün işçi qrupunu artıq formalaşdırıb. Ermənistan isə, necə deyərlər, gah nala, gah da mıxa vurur. Bu ölkədə baş qaldırmış revanşistlər hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Ancaq onlar unudurlar ki, artıq dünya birliyi də Azərbaycanın şanlı qələbəsini qəbul edib. Bunu möhtərəm Prezidentimizə dünyanın çoxsaylı dövlət başçılarından ünvanlanmış təbrik teleqramları da təsdiqləyir. Bütün bunlar göstərir ki, Ermənistanın başqa çıxış yolu yoxdur və sülh müqaviləsini imzalamaq məcburiyyətindədir.
Müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırır. Xatırladaq ki, bu sənəd, faktiki olaraq, Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi, bu ölkə öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Lakin işğalçı ölkə hələ də öz hərbçilərini bizim ərazilərimizdən çıxarmayıb. Dövlət başçımız bu barədə dəfələrlə məsələ qaldırsa da, problem indiyədək öz həllini tapmayıb.
Möhtərəm Prezidentimiz diqqətə çatdırdı ki, bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyanatına zidd olaraq, bu öhdəliyi yerinə yetirmir.
Xatırladırıq Rusiya tərəfi də 10 noyabr Bəyanatını imzalayıb. Ancaq, hələ də Ermənistanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə tələsdirmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Bu, həm də 10 Noyabr 2020-ci il tarixdə üç ölkə – Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş nazirinin imzaladıqları Bəyanatın icrasına qarşı hörmətsizlikdir. Dövlət başçımızın bu məsələ ilə bağlı mövqeyi qəti oldu: “Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.


