“Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aprel ayında 7 nəfər, may ayında 16 nəfər, iyun ayında isə 21 nəfər ilan zəhəri ilə, xüsusilə də, gürzə ilanının zəhəri ilə təcili tibbi yardım briqadaları vasitəsilə xəstə gətirilmişdir. Bu ay da 20-dən çox müraciət olub.”
Bunu Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiriAzər Maqsudov Demokrat.az saytına müsahibəsində söyləyib.
“Əsas şikayətlər ondan ibarət olur ki, bu ilan yuxarı, yaxud aşağı ətraflardan dişləyir, dişləyəndən sonra həmin yer qızarır, şişir və bu şiş getdikcə qalxa bilər. Aşağı ətrafdan- pəncədən dişləyəndə döş qəfəsini tutmaqla yuxarıya- boğaza qədər qalxır. Əsas şərt həkim nəzarətidir, həkimə tez çatdırmaqdır. Həkimin nəzarəti altında müalicə tədbirləri görülməlidir, ilan zəhərinə qarşı zərdab vurulmalıdır. Bizim Toksikoloji Mərkəzində bu səbəblə ölüm hadisəsi olmayıb, ancaq məlumat var ki, həkimlərin səyinə baxmayaraq, regionlarda ölüm hadisələri olub. Havalar isti keçir, tövsiyyəmiz ondan ibarətdir ki, istirahət üçün yer, məkan seçəndə çay kənarı, meşəlik yerlərdə insanlar diqqətli olmalıdır.” Həkim zəhərli ilanları zəhərsizlərdən ayırd edəcək əlamətləri açıqladı. 
“İlan sancmış yeri mütləq yod məhlulu ilə işləmək lazımdır. Nə kəsmək, nə müdaxilə etmək, zəhəri sovurmaq və ya da nəsə vurmaq olmaz.”
Gülçin Qorxmaz Demokrat.az


