“Hazırda dünyanın diqqəti Rusiya və Ukrayna savaşına yönəlib. Odur ki, indi bizim problemimizlə məşğul olmaq məsələsində beynəlxalq təşkilat problemi var. Avropa İttifaqı problemin həllinə can atdı, müəyyən işlər görüldü. Amma ümumilikdə prosesə tam təsir etmək imkanı olmadı. Ona görə də, əslində, indi bizimlə Ermənistan arasında savaş davam edir. Ermənistan məsələləri uzadır və düşünür ki, hansısa fövqəlqüvvələrin əli ilə itirilən mövqelərə qayıda, revanş götürə bilər. Amma anlayır ki, bunu özü edə bilməz, çünki bunun üçün gücü, imkanı və resursu yoxur”.
Bunu Reyting.az-a Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmasına münasibət bildirərkən deyib.
Fazil Mustafa əlavə edib ki, Azərbaycan tərəfi yaranan vəziyyətə uyğun olaraq maksimum effektiv fəaliyyət göstərir: 
F. Mustafanın sözlərinə görə, ermənilər Azərbaycanın qarşısından geri çəkilməyə məcbur olacaq: “Mən buna inanıram. Ona görə bu prosesi davam etdirmək lazımdır. Əlbəttə, Ermənistanın bu proseslərdə rahatlıqla Azərbaycanla birgə addım atacağı, konstruktiv davranacağı gözlənilməzdir. Bu öncədən də bilinirdi”.
Mümkün hərbi və ya anti-terror əməliyyatlarına gəlincə, deputat diqqətə çatdırıb ki, bu, istənilən situasiyada baş verə bilər: “Bu olacaq və proses ona doğru gedir. Hər halda Azərbaycan bölgədə vəziyyəti gərginləşdirməyə maraqlı deyil. Ona görə ki, bura çox da diqqətin yönəlməsi işimizə yaramır. Əksinə, biz məsələləri tədricən həll etməyə çalışmalıyıq”.


