AZTV əməkdaşlarının iyulun 9-da Laçına səfərləri zamanı şəhərin mərkəzindən çəkdiyi eksküziv görütülərdə SSRİ bayrağı da əks olunub. Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdığı ərazidə üzərində oraq və çəkic olan bayrağın hərbi obyekt olduğu ehtimal edilən tikilidə dalğalandığı müşahidə olunub. Azərbaycan ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə SSRİ bayrağının dalğalanması isə bir sıra suallar yaradıb.
Politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Laçında bayrağın qaldırılması sadəcə hansısa bir təxribatdır:
“Rusiya sülhməramlıların Qarabağın erməni əhalisi yaşadığı yerdə yerləşməsi əslində Azərbaycanın istəmədiyi bir addım idi. Yaxşı anlayırdı ki, burada böyük təhlükələr var və bu, təhlükələri görürdü. Təbii ki, indi bu təhlükələri zərərsizləşdirmək üçün Azərbaycan çox ciddi siyasət aparmalıdır. Sirr deyil ki, Rusiya öz təxribatçı siyasətini davam etdirir. Ona görə də, məntiq baxımından bu çox səfeh bir şeydir. Çünki Putin anti-sovet adamıdır. O, Leninə və Stalinə nifrət edir. Rus ordusunun yerləşdiyi yerlərdə sovet bayrağının qaldırılması bu, onun özünün ideologiyasına “tüpürməsi” deməkdir. Məsələn Ukraynanın işğal etdiyi ərazilərdə sovet bayrağı qaldırırlar, leninizmi bərpa edirlər. Bu faktiki olaraq Putinizmə “tüpürmək” deməkdir, Putinizmə “şillə” deməkdir. O, hər zaman Leninə və Stalinə nifrət edən adam olub, ancaq İkinci Nikolayı özünə rəhbər, nümunə sayır. O, Rusiya imperiyasını, çar imperiyasını bərpa etmək istəyir. Amma Çar imperiyasında sovet bayrağı yox idi. Odur ki, Laçında bayrağın qaldırılması hansısa bir təxribatdır, təxribata fikir vermək lazım deyil”.
“İnsan xarici siyasətlə məşğul olanda və ona öyrənəndə çalışmalıdır ki, hissiyyata yer verməsin. Hər hansı hərəkətin aqibətini, nəticələrini ölçüb-biçməyi bacarmaldıır. İndi orada bayrağı qaldırıblar qaldırsınlar da, nədir ki? Sadəcə əski parçasıdır. Nə demək istəyirlər? Hansısa rus sülhməramlısı hansısa bayrağı qaldıranda bizim nə paqonumusuz düşür, nə də ki, paqonumuzdakı ulduzlar, nə də ki Qarabağ üzərindəki nəzarətimiz zədələnir. Vaxt gələr orada Azərbaycan bayrağı qaldırarıq. Bir də onu qeyd edim ki, Sovet bayrağı həm də Azərbaycan Respublikasının Qarabağa tam nəzarət elədiyi dövrün bayrağıdır,”- deyə politoloq fikirlərini yekunlaşdırıb.
Aynurə Demokrat.az


