Dünya ölkələrində baş verən müharibələr və fövqəladə hallar göstərirdi ki, binaların zirzəmisindəki sığınacaqlar insan həyatı üçün çox önəmlidir. Belə yerlər təhlükəsiz sayılır. Paytaxtda bu gün çox sayda yeraltı keçidlər, metro stansiyaları var ki, bunlardan da sığınacaq kimi istifadə etmək olar. Son illər yeni tikililərin zirzəmisi əksər hallarda avtomobillər üçün qaraj kimi istifadə olunur. Əslində isə bu qarajlar hər hansısa bir hadisə zamanı sığınacaq üçün nəzərdə tutulub.
Daşınmaz Əmlak üzrə Ekspert Elnur Fərzəliyev Demokrat.az-a müsahibəsində bildirdi ki, zəlzələ, yanğın və digər təbii fəlakətlər baş verən zaman insanlar böyük parklarda toplaşaraq uçqun və dağıntılardan qurtula bilərlər:

“Lakin sığınacaqlar tək müharibə və yaxud təbii fəlakət zamanı istifadə olunmur. Hər hansı bir radioloji sızıntı zamanı vətəndaşların sığınması üçün və sığınacaqlarda hətta günlərlə belə qalması üçün şərait yaratmaq lazımdır. Çünki dünya təcrübəsində sığınacaqların içinə otaq sayları, sanitar qovşaqlar, hətta mətbəxləri və digər lazımi olan hər şey qurulub ki, bu cür hadisələr baş verən zaman vətəndaşlar orada çölə çıxmadan günlərlə qala bilsinlər.”
Təəssüflər olsun ki, bəzi beşmərtəbəli yaşayış mənzilləri var ki, onların zirzəmiləri ya çirkab suları ilə dolub, ya da qeyri-yaşayış obyektinə çevrilib:
“O baxımdan düşünürəm ki, gələcək üçün hər hansısa bir təbii fəlakət və yaxud bir tədbir baxımından çoxmənzilli yaşayış binları olmayan, metro və yaxud yeraltı keçidləri olmayan ərazilərdə belə hansısa formada sığınacaqların qurulması gələcək nəsillər üçündə bir təminat ola bilər.”
Lakin şəhərdəki binaların zirzəmisində nəinki sığınacaqlar, hətta maşınlar üçün qaraj da yoxdur.
Gülçin Qorxmaz Demokrat.az


