Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlaması zamanı bəyan edib ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycana təhvil veriləcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, o, Paşinyanın Laçınla bağlı şərhində heç bir konstruktivizm görmür:
“Xatırlayırsınızsa, mart-aprel aylarında Paşinyan bəyan etmişdi ki, biz Qarabağla bağlı tələblərimizi bir az aşağı salmalıyıq. Son bir-iki ayda yenidən Ermənistan Minsk qrupunun fəaliyyətini, eyni zamanda status məsələsini bərpa etməyə çalışırdı. Ona görə də, mən burada Ermənistanın Qarabağa dair tələblərdə yumşaldığını görmürəm. Sadəcə Laçınla bağlı reallıq ondan ibarətdir ki, üçtərəfli bəyanatda qeyd olunub ki, yeni bir yol inşa ediləcək və Laçın şəhəri, o cümlədən keçmiş dəhlizdə olan ərazilər Azərbaycana təhvil veriləcək. Bu, reallıqdır və Azərbaycan buna doğru addımlar atır”.
F.Şəfiyev əlavə edib ki, artıq yeni yolun inşası bu il tamamlanacaq:
“Çox gümanki yaxın 2-3 ayda yolun inşası yekunlaşacaq. Reallıq ondan ibarətdir ki, o ərazilərə biz nəzarət edəcəyik. N.Paşinyan çox yaxşı başa düşür ki, bu, üçtərəfli bəyanatdan irəli gələn Ermənistanın öhdəliyidir. Azərbaycanın da bununla bağlı qəti mövqeyi ifadə olunub. Ona görə, sadəcə bu reallığı qəbul edir. Amma digər istiqamətlərdə təəssüflər olsun ki, hər halda mən görmürəm ki, yumşalma var. Əksinə, Ermənistanın mövqeyi yenidən qeyri-konstruktiv kontekstdə verilir”.
Aynurə Pənahqızı Demokrat.az


