Dənizkənarı obyektlərdə çimərlik mövsümünə hazırlıq gedir. İyun ayının 15-də rəsmi açılışı elan ediləcək çimərliklərdə son vəziyyətlə maraqlandıq.
Şıxov ərazisində fəaliyyət göstərən restoranlardan birinin rəhbəri Amir Məmmədov Demokrat.az-a bildirdi ki, yay mövsümünün gəlişi ilə bağlı artıq işçi heyəti toplanıb. Açılış gününü səbirsizliklə gözləyirlər.
“Bu il bizdə yaya hazırlıq işləri gedir. Keçən ildən fərqli olaraq, təzə çətirdən, soyunub-geyinmə otağı, söhbətgahlar camaatın rahat istirahət etməsi üçün, müştərilərin razı qalması üçün şəraitlər qururuq. Bugünkü gün dəniz qırağında ərazinin təmizlənməsi, çimərliyin su olan ərazisində qumun üstündə olan daşları, dəmir qırıqlarının təmizlənməsi həyata keçirilir ki, camaat dənizdən istifadə edəndə kiminsə ayağı kəsilməsin, doğranmasın. Bu istiqamətdə hazırlıq işləri davam edir.”
Ötən illə müqayisədə bu il dənizkənarı obyektlərin bəzilərində yeməklərin qiyməti bahalaşıb. Ancaq qiymət artımı etməyən yerlər də var. “Toyuq, lülə, tikə 5-6-7 manat civarında, salatlarda 1-2-3 manat arasında dəyişir. Dənizə gəldikdə isə, bizdə dənizə giriş pulludur. Pula daxildir soyunub geyinmə otağı, duş kabinəsi, park etmə. Böyük çətirlərin altında əyləşmək 10 manatdır. Əgər bizdən yemək götürsələr, pul almırıq. Bizdən yemək götürməyib özləri ilə gətirsələr, 10 manatı alırıq və servislə təmin edirik.”
Onu da deyək ki, ödənişli çimərliklərlə yanaşı, ödənişsizlər də mövcuddur. Əvvələr pul tələb edilməyən ərazilərdə vəziyyət ürəkaçan olmasa da, son 2 ildə vəziyyət müsbətə doğru dəyişib, həmin ərazilər də abadlaşdırılıb.



Gülçin Qorxmaz Demokrat.az


