Prezident İlham Əliyevin 28 – May Müstəqillik Günü ilə əlaqədar məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı artıq icra olunub. Bu sərəncam cinayət törədən şəxslərin cinayətin xarakteri, cəza çəkdiyi müddət, həmçinin şəxsin səhhəti, ailə vəziyyəti nəzərə alınmaqla 213 nəfərə şamil edilib. Onlardan 168 nəfəri, o cümlədən 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ümumiyyətlə, 1995- ci ildən bu günə qədər əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb və 8 min 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36- sı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanıb və həmin sənədlər 5885 nəfərə şamil edilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dövlət başçımızın növbəti əfv sərəncamından danışarkən dedi:
– Əvvəla, qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan müstəqillik illərinin ən qüdrətli və parlaq dövrünü yaşayır. Ölkəmizin hərtərəfli tərəqqisi təmin olunur, vətəndaşların sosial rifahı yüksəlir, azad edilmiş doğma torpaqlarımız yenidən dirçəlir. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May tarixini bu il ilk dəfə Müstəqillik Günü kimi qeyd edən xalqımız istiqlaliyyətimizin ildönümünü müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Qələbə qazanaraq, qalib xalq kimi qarşılayır. Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı ilə 213 nəfərin azadlığa qovuşması onların ailələrinə, yaxınlarına ikiqat sevinc bəxş etdi. Ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sadiqliyini nümayiş etdirən möhtərəm Prezidentimiz mütəmadi olaraq əfv sərəncamları imzalayır, amnistiya aktını təsdiqləyir. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə qovuşmaq istəyən məhkumların müraciətləri nəzərə alınaraq, bayram və əlamətdar günlərdə əfv və amnistiya aktlarının qəbul olunması artıq ənənə halını alıb.
Hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da humanzim prinsiplərinə sadiqliyi böyük rəğbətlə qarşılanır. Xatırladaq ki, birinci xanımın təşəbbüsü ilə ötən dövrdə 40 mindən çox insanı əhatə edən amnistiya aktları qəbul olunub.
Ölkəmizdə əfvetmə institunun yaradılmasını yüksək dəyərləndirirəm və bunu humanizm siyasətinin prioriteti adlandırıram. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan humanizm siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Əfv sərəncamı humanzimin, insanpərvərliyin, mərhəmətin təntənəsidir. Həm də ölkədə incik təbəqələrin narazılıqlarının qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan humanist bir addımdır. Həm əfv sərəncamları, həm də aministiya aktlarının təsdiqi sabit bir cəmiyyətin formalaşmasında, insanların dövlətə inam və etimadının artırılmasında mühüm əhəmiyyət kəsb edir. Çünki əfv fərmanı ilə azadlığa qovuşan insanlar konkret cinayət törədiblər. Onların cəmiyyətə inteqrasiyası, vurduğu zərərin ödənilməsi və tərəflərlə barışığı, həmçinin dövlət üçün təhlükəli olmaması nəzərə alınır.
Onu da qeyd edim ki, möhtrəm Prezidentimizin atdığı hər bir humanist addım hüquq müdafiəçiləri tərəfindən yekdilliklə dəstəklənir. Sayından asılı olmayaraq, nə qədər məhbus əfv olunursa, biz sevinirik. Hər zaman demişəm ki, əfv sərəncamı ilə bağlı azadlığıa qovuşan və ya cəzası yüngülləşdirilən yüzlərlə məhkumla yanaşı, onların ailə üzvləri, yaxınları, dostları, tanışları da sevinirlər. Ona görə də hesab edirəm ki,bu əfv sərəncamı yalnız 213 nəfərə yox, minlərlə insana sevinc bəxş etdi. Müstəqillik bayramı, torpaqlarımızın işğaldan azad edilməsinin sevinci onlar üçün ikiqat oldu.
Bu dəfə əfv olunanlar arasında mübahisəli məhkumlar da var idi. Bəzi üzdəniraq hüquq müdafiəçiləri onları “siyasi məhbus“ da adlandırırdılar. Bu da ölkəmiz haqqında qərəzli olan bəzi beynəlxalq təşkilatların böhtan dolu hesabatlarını bir qədər də “zənginləşdirirdi”. Biz, hüquq müdafiəçiləri isə belə həbsləri, məhkəmələri mübahisə doğuran məhkumlar adlandırırdıq. Onların arasında şəxsən tanıdığım bir çox məhbuslar var idi. Onların əfv olunmaları üzdəniraq hüquq müdafiəçilərinin “siyasi məhbus” xülyalarını puç etdi.
Əfv olunanlar arasında ömürlük azadlıqdan məhkum olunan da var. Sevinirik ki, bu gün o da azadlığa qovuşanlar arasındadır. Ömürlük azadlıqdan məhrumetmə cəzası almış Şəmsi Səmədzadə artıq uzun müddət idi ki, hüquq-müdafiə təşkilatlarının monitorinq qrupunun siyashısında idi. Hüquq müdafiəçiləri onun əməlində cinayət tərkibinin olduğu qənaətində idilər, lakin, ona verilmiş cəza əməlinə adekvat deyildi. Çünki Ş. Səmədzadəyə həddən artıq ağır cəza verilmişdi.Təbii ki, bu baxımdan onun cəzasının dəyişdirilməsi istiqamətində addımlar atırdıq. Onun adının əfv sərəncamında olduğunu görüb çox sevindik. Bu, möhtərəm Prezidentimizin hər bir cəzanın dəqiq araşdırılmasının yekununu diqqət mərkəzində saxlamasının nəticəsidir.
Ç. Qənizadə nöbəti əfv sərəncamını ölkəmizdə sülhə, barışığa doğru atılan daha bir addım kimi dəyərləndirdi. Dedi ki, müxalifətin siyasi məhbus adlandırdığı şəxslərin azadlığa çıxması onlar tərəfindən dəyərləndirilməli və buna müsbət qiymət verilməlidir. Azadlığa çıxan şəxslər və onların ailə üzvləri, yaxınları göstərdiyi yüksək humanistliyə və əlamətdar bayram ərəfəsində əfv olunmalarına görə dövlətimizin başçısı İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər: “İnanıram ki, əfv olunan şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, azad cəmiyyətə qovuşaraq, sürətlə inkişaf edən və gündən-günə dünyada nüfuzu artan Azərbaycanın layiqli vətəndaşları olacaqlar”.(xalqqazeti.com)
Demokrat.az


