“İlk olaraq məni düşündürən bir məsələ var. 9 May tarixi istirahət günü olmalıdırmı? Mən güman edirəm ki, yox. Bir şeyi nəzərə alaq ki, dünyada orta statistik bayram sayı 12,3-12,4-dür. Yəni, inkişaf etmiş dünya ölkələri bu qədər bayram edirlər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
“Azərbaycanda isə 20 gün bayram, 1 gün isə hüzn günüdür. Bu qədər qeyri-iş günləri şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına böyük zərbə vurur. Hesab edirəm ki, bayram günləri nizama salınmalıdır. Ümumiyyətlə, Azərbaycan bayram saylarına görə dünyada ikinci yerdədir, birinci yerdə isı Şri-Lankadır ki, orada 24 gün bayram edirlər” - deyə partiya sədri vurğulayıb.
A.Səmədovun fikrincə, Azərbaycanda hələ də istirahət mədəniyyəti formalaşmayıb:
“Bu gün ölkəmizdə əhalimizin maddi vəziyyətinə uyğun turizm obyektləri formalaşmayıb, yəni Azərbaycanda turizm obyektlərinin böyük hissəsi imkanlı adamlara hesablanıb. Qiymətlər isə həddindən artıq yuxarıdır. Bu da ona gətirib çıxarır ki, 4-5 gün bizdə bayram olanda insanlar evlərindən çölə çıxmırlar. Gözləyirlər ki, bayram keçsin, yenidən işə qayıtsınlar. Ona görə də, biz ilk olaraq mütləq bu məsələni düşünməliyik”.
Aynurə Pənahqızı Demokrat.az


