Bakıda 2001-ci il təvəllüdlü Zaur şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində tanışı Emini bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 yanvar 2021-ci ildə, gecə saat 02.30-da Emin ilə küçədə mübahisə edib. O, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib, Eminə bıçaqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən bir ildir eyni məhəllədə yaşayan Ziyadxanı tanıyıb, onunla dostluq münasibətləri olub: “2020-ci ilin dekabrında Ziyadxanla “28 May” metrosunun yanında yerləşən “Eqoist Otel”ə getdik. Orada yeyib-içdik. Lakin pullarımız az olduğu üçün otelə borclu qaldıq. Ziyadxan mobil telefonunu oraya girov qoydu. Oraya Ziyadxan məni qonaq dəvət etdiyi üçün düşündüm ki, otelin borcunu da Ziyadxan ödəyəcəkdir. Ondan sonra Ziyadxan zəng vurdu. Bildirdi ki, sənin başın gedib, sən niyə otelin pulunu ödəmirsən. Mən də Ziyadxana dəvəti sən edibsən, səndə pulu ödəməlisən dedim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 19-da, saat 21-22 radələrində Ziyadxan ona zəng vurub: “Telefon danışığı zamanı aramızda mübahisə yarandı. Ziyadxan mənimlə söhbət etmək üçün öz məhəllələrinə çağırdı. Həmin vaxtı Ziyadxan mənə “sən tək gəlmə, biz bir neçə nəfərik, sonra demə ki, səni təklədik, ürəyin kimi istəyir götür gəl, səni başa salacam” dedi. Tanışım Turalın mobil telefonu məndə qaldığı üçün Ziyadxanla həmin telefonla danışdım. Sonra isə Turalla Təbriz küçəsində görüşdük. Həmin vaxtı yanımda Fariz və 4-5 nəfər tanışlarım olub. Ondan sonra Fariz və tanışlarım taksi ilə Ziyadxanın qaldığı küçəyə getdik. Ziyadxana zəng vurdum. Ziyadxan məni evin həyətinə çağırdığı üçün Fariz və tanışlarım da evin həyətinə keçdik. Həyətdə Ziyadxanın yanında 6 nəfər şəxs olub. Həmin şəxsləri əvvəllər görməmişəm. Orada Ziyadxanla mübahisə etdim, ona niyə belə söhbət edirsən, bizim dostluğumuz olduğunu dedim. Ziyadxan da mənə “sənin mənə söz deməyə yaşın çatmır” dedi. Mən də Ziyadxana gəl həyətdən küçəyə çıxaq orada söhbət edək dedi. Biz həyətdən küçəyə çıxdıq, Sonradan yenə həyətə keçdik. Söhbət edərkən Ziyadxanın yanında olan adını sonradan bildiyim Emin adlı şəxs söhbətimizə müdaxilə etdi. Orada olan şəxslər Eminə sən niyə söhbətə müdaxilə edirsən dedilər”.
Zaur deyib ki, bu söhbətdən sonra Emin “Ziyadxanın söhbəti mənim söhbətimdir, gəlin çıxaq sizinlə danışım” deyib: “Ziyadxan da ona “Emin sən çıx, mən də gəlirəm” dedi. Bundan sonra Emin həyətdən küçəyə çıxdı. Həyətdən təxminən 15-20 metr kənara getdilər. Orada yenə də Eminlə söhbət etdik. Onda yanımızda olan Farizin tanışları ilə aramızda mübahisə yarandı. Eminlə aramızda mübahisə olmadığını qeyd etdim, onların dalaşmasını istəmədim. Lakin orada nalayiq küçə söyüşü söyüldüyü üçün dalaşmağa başladıq. Həmin vaxt onları ayırmaq istədim. Lakin Farizin adlarını bilmədiyim tanışları Emini vurdu. Onda onları ayırmaq istədim. Bu zaman Emin ünvanıma nalayiq sözlər işlətdi, boğazımdan tutaraq boğmağa başladı. Boğulduğumu hiss etdim. Lakin Emin boğazımı buraxmadı. Ona “sən nə edirsən” dedim. Emin yenə ünvanıma nalayiq küçə söyüşü söydü. Cibimdə olan qatlanan cib bıçağını çıxardım, sağ əlim ilə onun belindən bir dəfə zərbə vurdum. Bundan sonra Emin məni buraxdı və oradan qaçdı. Emini bıçaqla bir neçə dəfə vurmaq imkanım olsa da, onu cəmi bir dəfə boğazımı buraxması üçün vurmuşam”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Zaur 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


