“Son illər Azərbaycanda qadına qarşı şiddət artıb”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, bunun qarşısını alamq üçün bir neçə istiqamətdə ciddi iş aparılmalıdır:
“Birincisi, bu kimi cinayətlər baş verdikdə, cinayətkarlar çox ciddi şəkildə cəzalandırılmalıdır. Onlar bilməlidirlər ki, belə cinayət törətsələr, onlar ən ağır şəkildə cəzalandırılacaqlar. İkincisi isə hesab edirəm ki, güclü maarifləndirmə işləri həyata keçirilməlidir. Təəssüf ki, bu gün ailə qurularkən gənclər ailənin əhəmiyyəti, onların üzərində hansı vəzifələr, öhdəliklər olacağını bilmirlər. Ümumiyyətlə, bu barədə gənclər kifayət qədər bilikli və məlumatlı olmalıdırlar. Yəni, onlar ailə məsuliyyətini, ailə məfhumu tam dərk etmədən ailə qururlar və bu da yekunda müəyyən ciddi problemlər yaradır. Qanunla götürdükdə, Azərbaycan qanunvericiliyində qadınla kişi arasında hər hansı bir fərq qoyulmur. Azərbaycan tarixən qadınlara ən çox və ilk demokratik seçki hüquqi verən ölkələrdən biridir. Tarixən bu belə olubdur”.
“Bu gün bizim qarşımızda duran əsas vəzifədə odur ki, biz bu dəyərləri qoruyaq. Kişi ilə qadın hüquq məsələsində ayrı-ayrı istiqamətlərdə bərabərhüquqludurlar və qadınların hüquqları məhdudlaşdırıla bilməz. Azərbaycanda tarixən formalaşmış müəyyən ənənələr var. O ənənələr ki, mütərrəqidi bu gün onların tətbiqinə ehtiyac var. Biz onları saxlamalıyıq. Hansı ki, qanunvcericiliyə ziddir, hansı ki, cəmiyyətdə bir sıra hallarda problemlər yaradır o barədə də düşünməliyik. Yəni ölkədə qadın hüquqları tam qorunsun və kişilər də bilsinlər ki, qadınlara hörmətlə yanaşmaq onların üzərinə düşən vacib bir vəzifədir, eyni zamanda məsuliyyətdir. Yuxarıda qeyd etdiyim kimi, maarrifləndirmə də aparılmalıdır. Çalışmalıyıq ki, bu kimi hallara son qoyulsun və qadın zorakılığı yaşanmasın. Belə hadisələr ölkəmizdə azdır, ancaq az da olsa çox təkrarlanmasın ki, gələcəkdə bu halların sayı artmasın”, - deyə millət vəkili əlavə edib.
Aynur Pənahqızı Demokrat.az


