Gündəm

Hüquqşünas: “Heyvanlara verilən işgəncələrə görə cəza tədbirləri daha da sərtləşdirilməlidir”

Hüquqşünas: “Heyvanlara verilən işgəncələrə görə cəza tədbirləri daha da sərtləşdirilməlidir”

Heyvanlar həyatımızın əvəzedilməz parçasıdır. Onlar dünyanın hər bir yerində var.

Hələ ilk zamanlardan heyvanlar insanların da həyatda qalmasında mühüm rol oynamışdılar. İnsanlar heyvanların ətindən istifadə etmiş, zamanla onları əhlilləşdirməyi bacarmış və beləliklə, heyvandarlıq təsərrüfatının da əsası qoyulmuşdur. Vaxtikən insanların sağ qalmasına kömək edən bu heyvanlar zamanla elə insanlar tərəfindən müxtəlif şiddətlərə məruz qalmışdır. Bu gün də bəzi insanlar sanki dünyanın sadəcə özlərindən ibarət olduğunu sanır və heyvanları, sözün əsl mənasında, görməzdən gəlirlər. Belə ki, insanın yaşamasında, sağlamlığında hər zaman heyvanların köməkliyi olmuşdur. İnsan orqanizmində ət və süd məhsulları önəmli mövqe daşıyır ki, bu məhsulları da biz heyvanlardan alırıq. Bəs bu və ya digər səbəbdən faydalana bilmədiyimiz heyvanlar? Elə isə onlar lazımsızdır və öldürülməlidir? Təbii ki, bu belə deyil. Yırtıcı heyvanların, quşların da yaşamağa haqları var, eynilə bir dünyada həm pis, həm də yaxşı insanların yaşadığı kimi. Aparılan müşahidələrə əsasən deyə bilərik ki, son dövrlərdə heyvanların öldürülməsi, heyvanlara verilən işgəncələr olduqca çoxalıb. Buna misal olaraq ötən gün Xaçmazda itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri sosial şəbəkələrdə yayılıb. Aparılan araşdırma zamanı məlum olub ki, hadisəni törədən şəxs həmin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirovdur. Azərbaycanda bu cür hadisələrin qarşısını alamq üçün qanunla hansı addımlar atılmalıdır?

Suallımıza aydınlıq gətirən hüquqşünas Samir Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, bütün sivil dövlətlərin qanunvericiliyində heyvanların statusu, onların qorunması və s. kimi bu tip məsələlər var. Hüquqşünas qeyd edib ki, qanunla Azərbaycan da bütün heyvanlar, onların yaşadığı mühit qorunur:

“Heyvanların işgəncəyə məruz qalması qanunla qadağandır. Azərbaycanda heyvanlara işgəncə verənlərə qarşı cərimələr İnzibati Xətalar Məcəlləsində dəfələrlə artırılıb. Bu dəyişiklik 2013-cü ilin may ayının 31-dən qüvvədədir. Bu dəyişikliyə görə heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə cərimənin məbləği 25 manatdan 500 manata qaldırılıb. Əslində, bəzi Avropa ölkələrində heyvanların hüquqları lazımınca müdafiə olunur. Almaniya Konstitusiyasına görə, əgər çəkilişlər heyvana əziyyət verirsə, onları filmlərə çəkmək qadağandır. Avstraliyada cücələri sıx qəfəslərdə saxlamaq, yırtıcıları sirklərdə saxlamaq, itlərin qulaqlarının, quyruqlarının kəsilməsi, zəncirlənməsi, mal-qaranın sıx iplə bağlanması qadağandır. İtaliyada şəxs öz itini və ya pişiyini küçəyə atarsa, yüklü məbləğdə cərimə olunur. Fərq göz önündədir. Təbii ki, şiddətin azı-çoxu yoxdur. Şiddət hər zaman şiddətdir”.

Hüquqşünas hesab edir ki, ölkəmizdə heyvanlara verilən işgəncələrin qarşısının alınması üçün cəza tədbirləri daha sərtləşdirilməlidir: ”Hesab edirəm ki, bu istiqamətdə ciddi tədbirlər görülməlidir. Burada əsas iki istiqamət ola bilər. Birincisi, maariflənmə artırılmalıdır ki, insanlar daha diqqətli olsunlar. Başa düşsünlər ki, heyvanlar da ağrını hiss edirlər. Əlbəttə ki, cəzaların ağırlaşdırılması da ön planda olmalıdır. Xüsusən təkrar bu hala yol verənlər, yaxud vəzifələr şəxslər o şəxslər ki, onların vəzifəsi heyvanlara qulluq etməkdir, onlar daha ağır cəzalandırılmalıdır“.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az