Kriminal

Bərdədə fəhlə ilə gözətçi arasında dava — Təfərrüat

Bərdədə fəhlə ilə gözətçi arasında dava — Təfərrüat

Bərdə rayonunda 1992-ci il təvəllüdlü Tamerlan şəxsi münasibətlər zəminində iş yoldaşı Ələmdara xəsarət yetirib.

Demokrat.az-ın xəbərinə görə, istintaq orqanı tərəfindən Tamerlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə rayon Alpoud kəndində yerləşən Biyan zavodda fəhlə, zərərçəkmiş Ələmdar isə həmin zavodda gözətçi işləyib: “Ötən il noyabrın 28-də, axşam saatlarında zavodda Ələmdarla birlikdə yemək yedik. Həmin vaxt spirtli içki qəbul etdik. Biz yemək yedikdən sonra Ələmdar evinə getdi”.

Tamerlanın sözlərinə görə, Ələmdar səhhətində narahatçılıq olduğu üçün onu yoxlamaq üçün evinə gedib: “Ələmdar öz evində olan zaman söhbət əsnasında mənimlə kobud zarafatlar etdi. Bir neçə dəfə Ələmdardan zarafat etməməsini istədim. Lakin Ələmdar mənimlə zarafat etməyə davam etdi. Həmin vaxt aramızda mübahisə yarandı və mübahisə zamanı Ələmdar məni nalayiq ifadələrlə söydü, təhqir etdi. Buna görə də yumruqla onun sol qaş nahiyəsinə vurdum. Ələmdarı yumruqla vurduqdan sonra həmin şəxsin evini tərk etdim, işlədiyim zavoda getdim”.

Tamerlan ifadəsində etdiyi əməldən peşman olduğunu söyləyib. O, bildirib ki, zərərçəkmiş şəxslə barışıb və ona dəymiş ziyanı tam ödəyib. Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.

Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az