Qanunda da deyildiyi kimi, hökumətdən asılı olmayaraq fəaliyyət göstərən özünü vətəndaş cəmiyyətinə aid edən müxtəlif ictimai birliklər, hərəkatlar, komitələr, fondlar, institutlar və digər təşkilatların şəbəkələridir.Onların fəaliyyəti qeyri-komersiya məqsədləri daşıyır və humanitar, təhsil, səhiyyə, ictimai – siyasi, sosial, insan hüquqları və ətraf mühitin qorunması sahələrini əhatə edə bilər. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış təsisatdır. Öz fəaliyyətini könüllü, özünüidarəedən prinsiplər əsasında qurur. İctimai birlik gəlir əldə etməyi nəzərdə tutmayan və sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai-faydalı məqsədlər daşıyan qeyri-hökumət təşkilatdır.
Bu və digər məsələlərlə bağlı ekspertEmil Seydəliyev Demokrat.az-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik:
Yerli QHT-lərdə əcnəbilər təsisçi və iştirakçı kimi təmsil oluna bilərlər?
Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə, qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər, fondların iştirakçılarına isə təsisçilər və köməkçilər aiddir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər. Qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır. Bu Qanunun 8.4-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.
Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi və qanuni təmsilçisi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilərlər.
QHT-nin adı və rəmzləri necə qoyula bilər, onlara hər hansı bir məhdudiyyətlər varmı?
Qanunda da göstərildiyi kimi, onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qanunda həmçinin qadağa qoyulan adlar da qeyd edilib. Bunlar, Azərbaycan Respublikasının dövlət orqanlarının adları, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarıdır. Burada istisa hal kimi Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının qoyulmasında onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olduğu halda mümkünlüyü də qeyd olunub. Rəmzlərlə bağlı hər bir QHT bayraq, emblem və sair rəmzlərə malik ola bilər. Bu şərtlə ki, təşkilatın rəmzləri Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət rəmzləri, habelə dövlət orqanlarının, beynəlxalq təşkilatların və digər qurumların rəmzləri ilə eyni olmamalı, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.
QHT-nin təsis olunma məqsədi nədən irəli gəlir?
Qeyri-hökumət təşkilatları Qanunla müəyyən edilmiş təşkilati-hüquqi formalarda, daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər. Ərazi fəaliyyəti baxımından QHT-lər ümumazərbaycan, regional və yerli statusla fəaliyyət göstərə bilər. Bu fəaliyyət ərzisi təşkilat tərəfindən müstəqil müəyyən olunur. Ümumazərbaycan deyildikdə ölkədaxili bütün ərazilər, regional fəaliyyət iki və ya daha artıq ərazi, yerli isə bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət nəzərdə tutulur.
Yerli və xarici QHT-in filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması vacibdirmi?
Azərbaycan respublikasının QHT-lər haqqında qanununda dövlət qeydiyyatına alınmış QHT-in Respublika ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilmələrinə heç bir məhdudiyyət qoyulmayıb. Sadəcə təşkilat bununla bağlı on gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar, filial və ya nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydası göstərilməlidir. Filial və nümayəndəliklər hüquqi şəxs ola bilməz, onları yaratmış təşkilatın əmlakından pay aldığı və onun adından, təsdiq etdiyi Əsasnamədə müəyyən edilmiş fəaliyyət predmetinə və vəzifələrinə uyğun fəaliyyət göstərmə məcburiyyətinə görə, yaranan bütün məsələlərdə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır. Çünki filial və nümayəndəliyin rəhbərləri QHT tərəfindən təyin edilir və onun icazəverdiyi səlahiyyət dairəsində fəaliyyət göstərir.
Xarici dövlətlərin QHT-ri səlahiyyət müddəti göstərilmə şərti ilə Respublika ərazisində yanlız bir nümayəndəlik və ya filial yarada bilərlər. Bu filial və nümayəndəliklərin, eləcə də, xarici hüquqi şəxslərin, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müavinlərinin Azərbaycan Respublikasının vətəndaşları olmaları vacibdir.
Son olaraq Azərbaycanda QHT-lərin perspektivi haqqında nə deyə bilərsiniz?
Azərbaycan dövləti QHT-lərin fəaliyyəti üçün bütün lazımi şəraiti yaradıb. Onların səmərəli fəaliyyətinə daim dəstək verib. Son illərdə qəbul olunmuş qanun layihələri, istərsə də dövlət büdcəsindən QHT-lərə ayrılan maliyyə vəsaitləri bunun bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də ora qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında QHT-lərin də cəmiyyətimiz üçün gördükləri işin faydalılıq əmsalını daha da artıracaq və bununla da gələcək fəaliyyətləri üçün yeni-yeni perspektivlər açacağına zəmin yaradacaq.
Vəfa Əliyeva Demokrat.az


