Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi bir faktdır. Bunu heç İrəvanın özü də yüzlərlə sübutun qarşılığında dana bilmir. Bununla bağlı məsələnin Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videokonfrans formatında keçirilən dördtərəfli görüşdə gündəmə gəlməsi də təsadüfi deyildi. Üstəlik, Azərbaycan tərəfi indi, bu əraziləri işğaldan azad etdikdən sonra belə məzarlıqların olmasına dair müəyyən sübutlar üzə çıxarır.
Məsələyə münsibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün 4 minə qədər vətəndaşımızın kimliyinin müəyyənləşdirilməsi Azərbaycan diplomatiyası qarşısında ən önəmli vəzifələrdən biridir. 
Politoloq vurğulayıb ki, Azərbaycan torpaqları işğal edildikdən sonra bir sıra yerlərdə kütləvi məzarlıqlar aşkar edilib: “Bu, ona əsas verir ki, digər yerlərdə də kütləvi məzarlıqlar mövcuddur. Ermənistan dövləti kütləvi məzarlıqların kardinatını dəqiq bilir. Lakin Azərbaycan tərəfinə bunun yerini verməkdən boyun qaçırır. Ermənistan tərəfinə beynəlxalq təzyiq göstərilməlidir ki, Ermənistan kütləvi məzarlıqların yerini Azərbaycana təqdim etsin. Eyni zamanda, Avropa Şurası və Fransa da Ermənistana təzyiq etməlidir. Əgər Ermənistan kütləvi məzarlıqların yerini Azərbaycana verməsə, o zaman siyasi-diplomatik danışıqlar bir anlam kəsb etməyəcək”.
Aynurə Demokrat.az


