Şamaxı rayonunda 2000-ci il təvəllüdlü Namiq dayısı Valehə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 5 avqust 2021-ci ildə Şamaxı rayonu Məlcək kəndində baş verib.
Namiq babası Vəliyə məxsus fərdi yaşayış evinin həyətində dayısı Valeh ilə aralarında şəxsi münasibətləri zəminində münaqişə olub. Münaqişə zamanı Namiq yumruq və təpiklərlə Valehin sifət, burun və bədəninin müxtəlif nahiyələrindən vurub.
İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şamaxı rayonu Məlcək kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Valeh dayım olub və əvvəllər münasibətimiz yaxşı olub. Aramızda dava-dalaş, ədavət olmayıb, gəliş-gedişlərimiz olub”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 5-də babası Vəli xəstə olduğuna görə, anam onun evində olub. Mən də anamı evimizə gətirmək üçün babamı evinə getdim. Həmin gün saat 23.00-da babam evində olarkən dayım Valeh toydan ora gəldi. Valeh gələndə içkili vəziyyətdə olub və özünü güclə idarə edib. Babam xəstə olduğundan çarpayıda yatmışdı. Dayım evə daxil olduqdan sonra babamın çarpayısında oturaraq onu ovxalamağa başladı. Anam dayıma bildirdi ki, içkilisən, atamdan kənar dur. Bundan sonra dayım anamın bu sözlərinə görə, onun üzərinə getdi, qəflətən şillə ilə anamın sifətindən vurdu, anamı boğmağa başladı. Həmin vaxtı evdə olan xalam və nənəsi onları ayırdı”.
Namiq bildirib ki, bundan sonra dayısı onu aralıyanları söyməyə və vurmağa başlayıb: “Həmin vaxtı araya keçərək dayımı sakitləşdirmək istədim. Dayımı sakitləşdirən zaman onun azyaşlı oğlu həyətdə olan stolun üstündəki stəkanı götürdü, mənim üstümə atdı. Stəkanın başıma dəyəcəyini gördüm, sağ qolumu stəkanın qarşısına verdim. Stəkan qoluma dəyərək sındı və qolumu kəsdi. Dərhal qolumu evdə olan iplə bağladım ki, qanı çox getməsin. Qolumu bağlayandan sonra anam ilə evimizə getdim. Oradan da qardaşım məni Şamaxı rayon mərkəzi xəstəxanasına apardı”.
Bu cinayət işinə Şamaxı rayon Məhkəməsində baxılıb.
Namiqin barəsində Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib.
Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib və cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


