Media

Könüllülər hərəkatı: MEDİA bu istiqamətdə işləyir

Könüllülər hərəkatı: MEDİA bu istiqamətdə işləyir

Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi əsas strategiyalardan biri də könüllülər hərəkatının formalaşdırılmasıdır. Dövlət başçısı gənclərlə son görüşündə də bu məsələyə toxundu və qeyd etdi ki, könüllülük hərəkatına çox müsbət baxır: “Gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərindən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var”.

Bəli, gənclər gələcəyimizdir. Bu əminliyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət daha da gücləndirir.

Könüllülər hərəkatının gələcəyin formalaşdırılması baxımından əhəmiyyəti olduqca böyükdür.

Birincisi, gənclərin yanlış yollara sapmasının qarşısı alınır, onlar könüllülər hərəkatında iştirak etməklə dövlətin maraqları naminə çalışırlar.

İkincisi, gənclər bu hərəkatda iştirak etməklə öz karyeralarını qurmaq yolunda yeni qapılar açırlar.

Üçüncüsü, dövlət bu hərəkat çərçivəsində özünün kadr bankını formalaşdırır.

Bu baxımdan, könüllülük hərəkatı həm gənclərin, həm də dövlətin gələcəyi üçün önəmli strategiyalardan biridir.

Könüllülər hərəkatı: MEDİA bu istiqamətdə işləyir
Prezident İlham Əliyev gənclərlə görüşdə qeyd etdi ki, dövlət qurumlarında könüllülərdən ibarət qrupların yaradılması ilə bağlı göstəriş verib.

“Hesab edirəm ki, özəl şirkətlər də bu işə cəlb edilməlidir. Əslində, bu, çox nəcib bir işdir, təmənnasız kiməsə kömək etmək doğrudan da çox nəcib bir işdir”, - dövlət başçısı bildirib.

Hazırda bir sıra dövlət qurumlarında könüllülərdən ibarət qruplar fəaliyyət göstərir. Əsas diqqətçəkən qurumlardan biri də MEDİA Agentliyidir.

Agentlik ötən il “MEDİA könüllüləri” proqramına start verdi. Məqsəd gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların praktiki biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Könüllülər hərəkatı: MEDİA bu istiqamətdə işləyir
MEDİA-nın bu proqramı Prezident İlham Əliyevin könüllülər hərəkatı strategiyasına uyğun fəaliyyətin qurulmasına hesablanıb. Artıq proqram çərçivəsində ciddi işlər həyata keçirilib, xüsusilə gənclərin maarifləndirilməsi baxımından bu proses mühüm mərhələyə qədəm qoyub.

MEDİA könüllüləri proqramında iştirak edən gənclərin media sahəsindəki potensialı kəşf edilir, onlara həm çap, həm onlayn, həm də televiziya jurnalistikası üzrə təlimlər keçirilir. Təlimlərdə media sahəsində təcrübəsi olan peşəkarlar gənclərlə öz təcrübələrini bölüşür, biliklərini onlara öyrədir.

Beləliklə, həm media sahəsinə yeni kadrlar qazandırılır, həm də gənclərə öz karyeralarının qurulması üçün yeni imkanlar yaradılır.

Könüllülər hərəkatı: MEDİA bu istiqamətdə işləyir
2021-ci ilin sentyabr-noyabr aylarını əhatə edən proqram çərçivəsində könüllülər media savadlılığı, müasir jurnalistikaya baxış, media sahəsində effektiv kommunikasiyanın qurulması, televiziya aparıcılığının əsasları, xəbər otağının iş prinsipləri və digər mövzularda 30-a yaxın fərdi və peşəkar inkişaf təlimlərində, əlavə olaraq 10-a yaxın yerli və beynəlxalq tədbirlərdə iştirak ediblər. Proqram müddətində MEDİA könüllüləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvlüyünə qoşularaq müxtəlif sosial aksiyalar və tədbirlərdə də yer alıblar. Proqramı bu il də davam etdiriləcək.

MEDİA Agentliyi bu proqramla həm dövlətin, həm də gənclərin gələcəyi naminə əhəmiyyətli fəaliyyət göstərir.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az