Deputat: “Ermənilər bu reallığı nə qədər tez anlasalar, bir o qədər öz faydalarına olar”

GÜNDƏM 14 yan 2022, 15:57
“2022-ci ilin “Şuşa ili” elan edilməsi vacib tarixi və siyasi hadisədir. Çünki, Şuşa Azərbaycan üçün yalnız inzibati ərazi vahidi yox, həm də milli-mənəvi amildir. Şuşanı işğaldan azad etmək hərbi güc və böyük sərkərdəlik qabiliyyəti  tələb etdiyi kimi Şuşa şəhərini əldə saxlamaq siyasi qətiyyət, dəmir iradə və diplomatik məharət tələb edir. 2022-ci ilin “Şuşa ili” elan edilməsi məhz bu güc və qətiyyətin göstəricisi, bu müqəddəs torpağın əsl sahibinin kim olduğunun sübutudur. Eyni zamanda bəllidir ki, Şuşa qalibiyyətin rəmzidir. Bu mənada cənab İlham Əliyevin Şuşa ili barədə Sərəncamı sıradan hüquqi aktdan daha ciddi siyasi yükə malik qərardır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Deputatın sözlərinə görə, hər şeydən öncə bu qərar Azərbaycanın zəfərin nəticələrini qoruma gücünü və Azərbaycan prezidentinin Qarabağ və Zəngəzur məsələsində qətiyyətini ehtiva edir:

“Sərəncamdan sonrakı günlərdə prezident İlham Əliyevin bəyanatları, xüsusən Azərbaycan televiziyalarına verdiyi müsahibədə səsləndirdiyi qətiyyətli fikirlər “Şuşa ili”nin vacib elementləri hesab oluna bilər. Digər tərəfdən, məlumdur ki, Şuşa artıq bir ildir, rəsmən Azərbaycanın mədəniyyət paytaxtıdır. 2022-ci ili “Şuşa ili” elan etməklə, Azərbaycan prezidenti eyni zamanda Ermənistana və havadarlarına mesaj vermiş oldu ki, düşmənçilik, revanşizm meyllərinin heç bir perspektivi yoxdur. Bölgənin gələcəyi ermənilərin özlərinin də Qafqaza köçdükdən sonra daim bəhrələndikləri çoxəsrlik Azərbaycan mədəni ənənələrinə sədaqətdən və humanist dəyərlərdən asılıdır. Ermənilər bu reallığı nə qədər tez anlasalar, bir o qədər öz faydalarına olar”.

B.Məhərrəmov diqqətə çatdırıb ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq, bərpa prosesinə başlayıb: 

“Bu prosesdə Şuşada aparılmış və həyata keçirilməsi planlaşdırılan işlər mühüm əhəmiyyətə malikdir. Şuşa dünya üçün vandalizm, işğal və təcavüzə qarşı mübarizənin, xüsusən də mədəni mübarizənin simvoluna çevrilib. Hətta, Ermənistanın baş naziri Nikol Paşinyan özü diaspora nümayəndələri ilə görüşərkən bu faktı etiraf etmiş, işğal dönəmində Şuşada ermənilərin daşı-daş üstünə qoymadığını ifadə etmişdi. Bu mənada cənab İlham Əliyevin bu ili “Şuşa ili” elan etməsi hazırkı beynəlxalq mürəkkəb geosiyasi münasibətlər fonunda Azərbaycandan dünyaya sülh və quruculuğu ehtiva edən humanitar mesajdır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top