Qusarda həmkəndlisini döyən şəxsə amnistiya aktı tətbiq edildi və cəzadan azad olundu

HADİSƏ 12 yan 2022, 14:00
Qusar rayonunda 1991-ci il təvəllüdlü Elçin həmkəndlisi  Raqifi döyərək  ona xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elçin sərxoş vəziyyətdə 23 avqust 2021-cidə, saat 20 radələrində yaşadığı kənddə həmkəndlisinin idarə etdiyi “BMW” markalı avtomobildə sərnişin qismində kənd daxili yolda hərəkətdə olduqları zaman avtomobilin şüşəsindən başını çıxardıb və onlarla eyni istiqamətdə idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olan həmkəndlisi Raqifi heç bir səbəb olmadan nalayiq ifadələrlə təhqir edib. 

Daha sonra avtomobili saxlayaraq özünü təhqir etməsinin səbəbini öyrənmək istəyən Raqifi yenidən nalayiq ifadələrlə təhqir edib.
 
Nəticədə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elçin yumruq və təpiklə Raqifi vurub. 

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Raqifə qarşı xuliqanlıq hərəkətləri edib. Bildirib ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının təsiri altına düşür: “Barəmdə həmin qərarın tətbiq edilməsinə razıyam. Odur ki, barəsində həmin qərar tətbiq edilməklə barəmdə olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən  Raqifin sözlərinə görə, avqustun 23-də, təxminən saat 20 radələrində evə ərzaq almaq məqsədi ilə idarə etdiyi “Priora” markalı avtomobillə yaşadığı kəndin mərkəzində yerləşən mağazaya getdiyi zaman yolda eyni istiqamətdə hərəkətdə olan həmkəndlisi Fail adlı şəxs tərəfindən idarə edilən “BMW” markalı avtomobildə sərnişin qismində olan həmkəndlisi Elçin avtomobilin şüşəsindən başını çölə çıxarıb, səbəbsiz yerə onun ünvanına nalayiq ifadələr işlətməklə söyüb-təhqir etməyə başlayıb: “Bu zaman  avtomobilimi yolun kənarında saxladım. Avtomobildən düşdüm, eyni zamanda Fail tərəfindən idarə edilən avtomobil də orada dayandı və avtomobildə sərnişin qismində olan Elçin, Hakim və Namik avtomobildən düşdülər. Sonra Elçindən niyə məni təhqir etməsini soruşdum. Lakin Elçin müxtəlif bəhanələr gətirməklə mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Elçin üzərimə gəldi və biz bir-birimizin yaxasından tutaraq dartışdıq. Hər ikimiz yerə yıxıldıq”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, bu zaman Elçin yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrini vurub: “Orada olan Elçinin qohumları Hakim və Namik isə onu sakitləşdirməyə çalışdılar. Daha sonra öz avtomobilimə əyləşərək evimə qayıtdım. Bu barədə arvadıma dedim. Bir az sonra sülh yolu ilə bu məsələyə aydınlıq gətirməkdən ötrü öz avtomobilim ilə Elçinin yanına məsələni aydınlaşdırmaq üçün qayıtdım. Lakin Elçin yenə də aqressiv şəkildə üzərimə gələrək, idarə etdiyim avtomobilə təpik zərbələri vurdu. Lakin avtomobilə ziyan dəymədi. Bu zaman Elçinə baş qoşmayaraq evimə geri qayıtdım”.

Cinayət işi üzrə şahid qismində ifadə verən şəxslər bildiriblər ki, hadisə vaxtı Elçin ləzgi dilində sözlər işlədib, Raqifi təhqir edib. Şahidlərin ifadələrinə görə, bu səbəbdən yaranan mübahisə sonradan davaya çevrilib. 

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elçinin barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilib, O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top