"Aparılan quruculuq işləri Şuşanın ən gözəl şəhərlərdən birinə çevrilməsinə imkan yaradacaq”

GÜNDƏM 07 yan 2022, 20:59
“Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsinin böyük tarixi-siyasi, eyni zamanda mənəvi-psixoloji əhəmiyyəti var”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Millət vəkili hesab edir ki, mədəniyyət paytaxtı elan edilən Şuşanın 270 illiyinin qeyd olunması Azərbaycan xalqı üçün xüsusi anlam daşıyır:

“30 ilə yaxın Ermənistanın işğalı altında qalmış bu qədim şəhərin əslində kimə məxsus olduğunu dünyaya bir daha nümayiş etdirir. Azərbaycan xalqının tarixi yaddaşının mühüm bir hissəsini əks etdirən, unikal memarlıq xüsusiyyətlərinə, eyni zamanda hərbi-strateji əhəmiyyətə malik bu şəhərin işğaldan azad olunması nəticə etibarilə həm də bütün ölkənin həyatında yeni bir mərhələnin başlamasına səbəb oldu. Məhz Şuşanın işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Prezidentinin bir il ərzində Şuşaya 7 səfər etməsi, qısa müddətdə şəhərin Baş planının hazırlanması bu şəhərin Azərbaycan və hər bir azərbaycanlı üçün nə qədər dərin mənəvi əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, buradakı tarixi, dini və memarlıq abidələrinin bərpa olunması kimi çox böyük işlər görülüb. Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb”.

Millət vəkili bildirib ki, Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də Vətən müharibəsində qazanılmış tarixi zəfərin simvoludur:

“Azərbaycan ordusunun Şuşanın azad olunması əməliyyatında şəhərin tarixi simasının qorunması, şəhərin dağıntılara məruz qalmaması üçün ağır artilleriyadan demək olar ki, istifadə edilməyib. Təkcə bu faktın özü Şuşanın Azərbaycan xalqı üçün hansı yüksək mənəvi dəyərə malik olduğunu görmək üçün kifayət edir. Hər bir azərbaycanlı inanır ki, bu gün aparılan quruculuq işləri Şuşanın qısa müddətdə ən gözəl şəhərlərdən birinə çevrilməsinə imkan yaradacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top