Qusarda əri tərəfindən döyülən qadın gecəyarısı evdən qaçdı — Təfərrüat

KRİMİNAL 06 yanvar 2022, 13:52
Qusar rayonunda 1988-ci il təvəllüdlü Namiq şəxsi münasibətlər zəminində arvadı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 26-da Qusar rayonu Xuray kəndində baş verib.
 
Namiq yaşadığı evdə məişət zəminində aralarında yaranmış mübahisə zamanı qeyri-rəsmi olaraq ər-arvad münasibətində olduğu Xumarın sifət, daha sonra isə  kürək və sağ çiyin nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Namiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Namiqin barəsində olan cinayət işi baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xumar ilə ona məxsus Qusar rayonu Xuray kəndindəki evdə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşayıblar: “Bizim aramızda əvvəllər də mübahisələr olub. Xumarın telefonuna başqa tanımadığım şəxslər zəng edib. Buna görə də onu qısqanmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 27-də, saat 19 radələrində Xumarın mobil telefonuna yenə də tanımadığı nömrədən zəng gəlib: “Telefona cavab verdi və həmin şəxs Xumarı çağırmağımı istədi. Bundan sonra Xumardan ona zəng edən şəxsin kim olduğunu soruşdum. Xumar həmin şəxsi tanımadığını dedi. Buna görə də aramızda mübahisə baş verdi. Yumruqla bir neçə dəfə Xumarın sifətindən vurdum və Xumar yerə yıxıldı. Sonra Xumar bir daha belə hərəkətlər yol verməcəyi, evdən qaçmayacağı barədə söz verdi”.

Namiq qeyd edib ki, gecə saat 23.45-də yuxudan oyananda Xumarın yenı evdən getdiyini görüb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, Namiq mütəmadi spirtli içki qəbul edərək sərxoş halda onunla heç bir səbəb olmadan mübahisə edib və onu döyüb: “Namiq spirtli içki qəbul edəndə özündə olmur. Sentyabrın 26-da, saat 19 radələrində Namiq evdə yemək yeyərkən yenə spirtli içki qəbul etdi və sərxoş oldu. Həmin vaxt Elxan uca səslə mənə “sən mənimsən, mən səni heç kimə verən deyiləm” dedi. Sonra qəflətən sifətimdən yumruq zərbəsi ilə vurdu. Mən yerə yıxıldım. Yerdə olan vaxt Namiq üstümə gəldi. Yumruq zərbələri ilə sifətimdən və bədənimin müxtəlif yerlərindən vurdu. Sonra Namiq yatdı. Mən də evdən çıxaraq yol maşınları ilə Qusar rayonu Qalacıq kəndinə valideynlərimin evinə getdim. Baş vermiş hadisə barədə valideynlərimə dedim”. 

Zərərçəkmiş qeyd edib ki, növbəti gün isə Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını deyib.

Məhkəmənin hökmü ilə Namiqin zərərçəkmişlə barışması nəzərə alınıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top