“Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması gözlənilir”— Deputat

QARABAĞ 05 yan 2022, 18:54
“2021-ci il ölkəmiz üçün çox uğurlu illərdən biri kimi sayılmalıdır. Çünki 2020-ci ildəki tarixi zəfərimizimdən sonra 2021-ci il ölkəmiz üçün quruculuq, abadlıq ili kimi tarixdə qaldı. Belə ki, biz mənfur düşmənlərimizin torpaqlarımızı işğal etməsi və oranı viran qoymasına qarşılıq olaraq, Qarabağı, Şərqi Zəngəzur bölgəsini yenidən qurduq. Orada müasir tipli kəndlər, hava limanları, körpülər və s. inşaat etdik. Təbii ki, bütün bunların hər birinin məntiqi sonluğu Böyük Qayıdışın həyata keçirilməsi ilə yekunlaşacaq və insanlarımız öz dədə-baba yurdlarında xoşbəxt yaşayacaqlar”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi bütün dünya azərbaycanlılarının sevincinə səbəb oldu:

“Bilirik ki, Şuşa bir çox keyfiyyətlərinə görə Azərbaycan xalqı üçün çox önəmli, strateji bir şəhərdir. Cənab Prezident tarixi zəfərimizdə Şəhidlər xiyabanında Şuşanın işğaldan azad olunmasını qeyd edəndə orada çox önəmli faktlara toxundu. Onlardan biri də cənab Prezidentimizin ata vəsiyyətini yerinə yetirmiş olduğunu söyləməsi idi. Ümumiyyətlə, Azərbaycanın hər bir qarışı bizim üçün əzizdir, doğmadır, onun hər bir qarışı üçün canlar vermişik, qanlar tökmüşük. Öz halal torpaqlarımızı hazırda yenidən qururuq”.

Millət vəkili vurğulayıb ki, Şuşa Azərbaycanın  siyasi, iqtisadi, əsasən də mədəni həyatında çox böyük rol oynayır:

“Ona görə də düşünürəm ki, cənab Prezident cari ili “Şuşa ili” elan etməklə, Azərbaycanın qələbəsinin nəyin bahasına qazandığımızı, Şuşanın cənnət bir bölgə olmasını bütün dünyaya göstərmək istəyir. Azərbaycanın tarixinin necə zəngin olduğunu, hər bir azərbaycanlı üçün Şuşanın nə qədər əziz olduğunu göstərmək məqsədi güdür. Bildiyimiz kimi, 2021-ci ildə Şuşada iri tədbirlər oldu, burada həm cənab Prezidentimizin, həm də birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da çox böyük, əvəzsiz zəhməti var. İnanıram ki, Şuşanın bütün ruhuna, koloritinə uyğun orada görülən işlər, tarixi abidələrin bərpa olunması, festivalların, tədbirlərin keçirilməsi və s. bunların hər biri 2022-ci ildə də davam edəcək. Şuşa həm də mədəniyyət paytaxtıdır, qarşıda Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması da gözlənilir. Bunların hər biri Şuşanın bütün dünya üçün əhəmiyyətini artırmış olacaq və 2022-ci ildə Şuşada yəqin ki, bir çox mədəni, kütləvi tədbirlər keçiriləcək. Həmçinin, bir çox dünya mədəni dəyərlərinə uyğun beynəlxalq səviyyəli tədbirlərində keçirilməsinin şahidi olacağıq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top