Deputat: “Şuşa ili”nin elanı hər bir azərbaycanlının qəlbindən gələn məsələ idi”

GÜNDƏM 03 yan 2022, 13:42
“Cənab Prezidentin 2022-ci ili “Şuşa ili” elan etməsi hesab edirəm ki, çox vacib qərardır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. 



Deputat vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Şuşa şəhəri 28 il işğala məruz qalıb: “ Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğalda olan ərazilərimizi düşməndən azad etdi, o cümlədən də noyabrın 8-də Şuşa işğaldan azad olundu. Təbii ki, Azərbaycanın hər bir qarışı bizim üçün doğma və əzizdir, amma Şuşanın əhəmiyyəti daha böyükdür. Çünki Şuşa Azərbaycan üçün strateji yerdir, o cümlədən də tarixi, mədəni və digər məsələlər baxımından əhəmiyyətə malikdir. 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan olunması bir daha məhz  bu torpaqların əsl sahibinin kim olduğunu bütün dünyaya nümayiş etdirdi. Digər bir tərəfdən “Şuşa ili” çərçivəsində məhz 2022-ci ildə burada çox böyük işlərin görüləcəyinə işarədir. Yadınızdadırsa, 2021-ci ildə Birinci vitse-prezident Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən “Xarı bülbül” festivalı keçirildi. Bu, artıq Azərbaycanın multikultural bir ölkə olduğunu, multikultural dəyərlərə nə qədər önəm verdiyini, inkişaf etdirdiyini  göstərdi. Eyni zamanda, “Xarı bülbül” festivalı  özü dünyaya sülh çağırışı idi. Əlbəttə ki, artıq 2022-ci ildə Şuşada çoxlu sayda festivallar, beynəlxalq tədbirlər keçiriləcək, böyük yenidənqurma və bərpa işləri daha da sürətlənəcək. Bu baxımdan, əlbəttə ki, cənab Prezident İlham Əliyev tərəfindən "Şuşa ili" nin elan olunması hər bir azərbaycanlının qəlbindən gələn bir məsələ idi”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top