Evdən çıxan koronavirus xəstəsinə elektron qolbaq taxıldı — SƏBƏB

KRİMİNAL 02 yan 2022, 14:32
İmişli rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan 1977-ci il təvəllüdlü Eminin cinayət işinə baxılıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Emin İmişli rayon Mərkəzi Xəstəxanasının Təcili-tibbi yardım şöbəsində burun dəliyindən yaxma üsulu ilə test-analizi verib, sonra ondan testin nəticəsinin pozitiv olması və yaşayış yerini tərk etməməsi, karantin rejimini pozmağa görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq göndərilib. 

Buna baxmayaraq, o, koronavirus ("COVİD-19") yoluxucu infeksiyasının daşıyıcısı olduğunu bilə-bilə karantin rejimini qəsdən pozub, yaşadığı İmişli rayonunun Murğuzallı kəndindəki evini tərk edib, özünə məxsus “VAZ-2107” markalı avtomobillə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayan bacısının yaşadığı evə gedib. 
Bununla da koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, bacısıgilə çörək almaq üçün gedib: “Bacımdan bir ədəd çörəyi evlərinin həyət qapısından bayırda aldım. Avtomobillə evimə qayıdan zaman evinin həyət qapısından bayırda olmaqla küçədə 3-4 nəfər polis əməkdaşının dayandığını gördüm. Avtomobildən düşərək polis əməkdaşlarının yanına getdim, özümü təqdim etdim. Sonra polis əməkdaşları məndən koronavirus infeksiyasına yoluxduğum halda yaşayış yerimi niyə tərk etməyimi soruşdular. Çörək almaq üçün qonşu kənddə yaşayan bacımın evinə getdiyimi dedim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra bu barədə protokol tərtib olunub: “Mən də həmin protokolun doğruluğunu imzam ilə təsdiq etdim. Koronavirus (COVİD-19) yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda yaşadığı evi tərk edərək getdiyimə görə əməlimdən peşmanam”.

Məhkəmənin hökmü ilə Emin 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təyin edilmiş cəza müddəti ərzində Eminin şəxs üzərinə hər gün saat 21.00-dan növbəti gün saat 08.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilib.
 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top