Deputat: “Ermənistan bunun qarşılığında sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməlidir”

GÜNDƏM 30 dek 2021, 16:25
“Azərbaycan dövləti hər zaman sülhün və humanizmin tərəfdarı olub. Ermənistan dövləti uzun illər düşünürdü ki, Azərbaycan heç vaxt hərb yolu ilə torpaqları azad etməyə qalxmayacaq. Lakin, onlar bizim sülhsevər olduğumuzu görüb xalqımızın döyüş ruhu və qələbə əzmini gözdən qaçırıblar. Müharibədən sonra isə öz çirkin əməllərindən əl çəkməyib təxribatlar törətməyə çalışırlar”.

Bunu Demokrat.az-a Kəlbəcər təxribatı zamanı saxlanılan beş erməni hərbçinin Ermənistana təhvil verilməsi ilə bağlı fikir bildirərkən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib. Deputat vurğulayıb ki, Azərbaycan post müharibə dövründə də qarşı tərəfə münasibətdə kifayət qədər humanist addımlar atmışdır:

“Bütün bunlar regionda sülhün və əmin-amanlığın bərpasına yönəlib. İlk öncə onu qeyd edək ki, Azərbaycan dövləti yalnız bu məsələdə deyil, bir çox məsələlərdə aparıcı beynəlxalq təşkilatların işinə töhfə verib və verməkdədir. Beynəlxaq təşkilatlar və nəhəng dövlətlər ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir”.

Deputatın sözlərinə görə, Azərbaycan regionda sülh ilə yanaşı iqtisadi imkanların artırılması, bu imkanlardan hər kəsin faydalanması və davamlı inkişaf üçün səy göstərir:

“Ermənistan Azərbaycanın atdığı humanist addımların və region üçün yarada biləcəyi imkanların qarşılığında sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməlidir. Bu Ermənistanda və Azərbaycan torpaqlarında yaşayan erməni əsilli insanların daha yaxşı yaşaması üçün böyük bir fürsətdir. Özlərinin olmadığı torpaqlara göz dikməməli, sülh və əmin-amanlıq üçün addım atmalıdırlar. Onu da nəzərə almalıdırlar ki, yekunda sülh müqaviləsinin imzalanmasına aparan bu proseslər daha çox Ermənistan dövləti və erməni xalqı üçün faydalı olacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top