“Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirildi — FOTOLAR

DAXİLİ SİYASƏT 21 dek 2021, 12:24
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.

Demokrat.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov, Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, YAP İdarə Heyətinin üzvləri, partiyanın rayon və şəhər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

Sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfransı açıq elan edib. O bildirib ki, bu gün Azərbaycanın dinamik, inamlı inkişafı ulu öndər Heydər Əliyev siyasətini müstəqil müstəvidə davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır: “İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 18 ildə ölkəmiz dünyanın diqqətini cəlb edib. Azərbaycan onun liderliyi ilə sabitlik adasına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı isə iqtidar-xalq birliyidir”.

T.Budaqov vurğulayıb ki, Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanın bölgədə və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. YAP sədrinin müavini bildirib ki, Azərbaycanın hərbi gücünün artması, beynəlxalq mövqeyinin güclənməsi ərazi bütövlüyümüz bərpasında həlledici yer tutub: “Vətən müharibəsi təkcə tarixi ədalətin bərpası deyil, Qafqaz regionunda yeni reallığın yaranmasına səbəb olub. Zəngəzur dəhlizinin açılması gələcəkdə Cənubi Qafqazın işbirliyi məkanına çevrilməsi deməkdir”.

YAP Mərkəzi Aparatının rəhbəri beynəlxalq aləmdə Prezident İlham Əliyevə böyük inam olduğunu vurğulayıb: “Azərbaycan tarixinin ən parlaq səhifəsi qazandığımız Zəfər, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu, Prezident İlham Əliyevin siyasətinin real nəticəsidir”.

O, Azərbaycanın uğurlu inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyəti mühüm rol oynayıb.

Daha sonra isə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli "Azərbaycanda dövlət quruculuğu" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyev dəfələrlə açıq və demokratik seçkilərdə qalib gəlmiş dövlət başçısıdır: "Xalq tərəfindən seçilən hər bir rəhbərin xüsusi təyinatı olur. İlham Əliyev bölgədə ən yaxşı xüsusi təyinatı olan dövlətin başçısıdır. O həm də müasir türk dünyasının parlaq şəxsiyyətidir”.

Ə.Hüseynli deyib ki, Prezident İlham Əliyev yeni tarix yazıb: "Dövlət başçısı Qarabağı və Şərqi Zəngəzuru Azərbaycana qaytarmaqla Azərbaycanı yenidən öz tarixi yoluna qaytardı".

Tədbirdə "Azərbaycanın iqtisadi inkişaf modeli" mövzusunda çıxış edən İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı direkloru Vüsal Qasımlı Azərbaycanın artan iqtisadi gücündən danışıb: "İşğaldan azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirir. Azərbaycan öz təhlükəsizliyini təmin edib. Azərbaycan torpaqları azad edtməklə eyni zamanda regionun təhlükəsizliyini təmin edib ki, bu da öz növbəsində riski aşağı salır və mənfəəti artır. Ölkəmizdə iqtisadi artım tempi var idi, artıq torpaqlarımızın işğaldan azad edilməsi artım tempini yüksəldəcək. Azərbaycan bütün beynəlxalq reytinqlərdə şəriksiz regional liderdir”.

V.Qasımlı əlavə edib ki, bu gün Azərbaycanın müdafiə sənayesi məhsualları 30-dan çox ölkəyə ixrac olunur.

"Azərbaycan diplomatiyasının uğuru" mövzusunda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli dövlətə çevrildiyini vurğulayıb: "Dünyada Azərbaycanın qələbəsini təsdiqləməməyə çalışan, bizə yeni cəbhə açmağa çalışan qüvvələr də vardı. Ancaq Brüsseldə imzalanan bəyanatlarla Azərbaycanın qələbəsi qəbul etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni uğurlar qazanacaq".

Konfrans çıxışlarla davam edib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top