“Azərbaycan Ermənistanı sülhə məcbur edəcək” — AÇIQLAMA

GÜNDƏM 06 dek 2021, 19:55

Ermənistan bəzi güc mərkəzlərinin göstərişi və diktəsi əsasında regional təhlükəsizliyə zidd olan müxtəlif davranışlara yol verir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloq qeyd edib ki, Ermənistan hərbi-siyasi və diplomatik müstəvidə də təxribatçı addımlar atır:

“Bu, əsas etibarilə, özünü 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tələblərinin pozulması fonunda müşahidə edilir. Bölgədə yaranmış yeni reallıqlara süni müdaxilə etmək istəyən bəzi regiondankənar qüvvələr Ermənistan vasitəsilə pozuculuq planı həyata keçirməyə çalışırlar. Amma nəzərə almırlar ki, yeni geostrateji vəziyyət bu cür ssenarilərin reallaşmasını qeyri-mümkün edir. Çünki Azərbaycanın aparıcı rolu və mövqeyi fonunda Cənubi Qafqazda yaradılan çoxşaxəli işbirliyi mühiti təkcə region dövlətləri üçün deyil, dünya siyasətində mühüm təsir imkanlarına malik aparıcı ölkələr üçün də böyük iqtisadi mənfəət və siyasi dividend vəd edir. Ona görə də Ermənistandan geosiyasi proyekt kimi istifadə edərək proseslərin qarşısını almaq mümkün deyil”.

Xocavənddə baş verən hadisənin də növbəti erməni təxribatı olduğunu deyən politoloqun sözlərinə görə, Azərbaycan çox mühüm hərbi-siyasi, strateij və diplomatik üstünlüklərə malikdir:

“Hesab edirəm ki, Azərbaycan öz resurslarından və imkanlarından istifadə edərək Ermənistanı sülhə, üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsinə məcbur edəcək. Bu gün regionda postmünaqişə dövrünün reallıqları və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı mühüm müzakirələr aparılır, intensiv diplomatik trafik müşahidə olunur. Yəni sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası kimi məsələlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın mövqeyi isə aydın, konkret, dəyişməz və prinsipialdır. Ona görə də ölkəmizin mövcud reallıqlar, intensiv diplomatiya fonunda öz strateji hədəflərini addım-addım reallaşdıracağını əminliklə söyləyə bilərik. Proseslər Azərbaycanın mövqeyinə və hədəflərinə uyğun cərəyan edir. Ermənistan və onu öz məhdud maraqları naminə hansısa addımlara təhrik edən mərkəzlər isə reallığı qəbul etmək məcburiyyətindədirlər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top