“3D texnologiyaları vasitəsi ilə şagirdlər təcrübi biliklər qazanır”

SOSİAL 30 noy 2021, 18:59
XX əsr tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olub. XX əsrin sonu və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanır. Artıq təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilib, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilib. Belə ki, Bakı şəhəri, Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi həyata keçirilir. 3D texnologiyaları vasitəsi ilə şagirdlər təcrübi biliklər qazanır və onlarda problem həll etmə bacarıqları inkişaf edir.

3D dərs vəsaitinin effektivliyi barədə Demokrat.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki,  onun vasitəsi ilə şagirdlər mühüm biliklərə sahib olurlar.

Ekspertin sözlərinə görə, bu tədris prosesində elektron lövhələrdən istifadə olunur:

“ “Ağıllı lövhə” məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini “möcüzəli” ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır. Uşaqlarda yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da artırır. Məsələn, ekranda görünən qurbağanı hərəkətə gətirməklə onun skeletini, əzələ sistemini, daxili orqanlarını və s. stereo görüntü şəklində seyr etmək mümkündür. Həmin görüntüləri geri qaytarıb mövzunu yenidən təkrarlamaq da olur”.

Təhsil eksperti qeyd edib ki, 3 D stereo görüntülü texnologiyalar əsasında lövhələrin quraşdırılması Azərbaycan təhsilində mühüm yenilikdir:

“3D dərslərində texnologiyasının tətbiqi real fiziki modellərlə işləyənlər üçün çox faydalıdır. Vaxta və maliyyə resurslarına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verən bu kimi modellər üzərində müxtəlif sınaqların keçirilməsi ilə tədrisin keyfiyyətinin artırılması mümkündür”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top