Aşqabad görüşünün mühüm detalları — Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi

SİYASİ 29 noy 2021, 12:03
İƏT Zirvə Görüşünün Aşqabad sənədində öz əksini tapan ən mühüm detallardan biri Azərbaycan xalqı və hökumətinin işğal edilmiş ərazilərin azad edilməsi münasibətilə təbrik edilməsidir. Bu təbrik niyə vacib idi? Aşqabad sənədində yer alan və Azərbaycana ünvanlanan təbrikin önəmi nədir?

Məsələ bundadır ki, bu sənədə imza atan dövlətlərdən üçü – Qırğısıstan, Qazaxıstan və Tacikistan Ermənistanın təmsil olunduğu və İrəvan üçün xüsusi “güvən” yerinə çevrilən Kollektiv Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir.

28 il ərzində Azərbaycan torpaqları işğal altında saxlanıldı. Bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi. Bu illər ərzində Ermənistan işğal altında saxladığı Qarabağda möhkəmlənə bilmədi. Daha doğrusu, Azərbaycanın yürütdüyü blokada siyasəti Ermənistanı regional layihələrdən təcrid etdi və nəticədə işğalçı dövlət dövlət iqtisadi güc əldə edə bilmədi.

Bu illər ərzində Azərbaycan praqmatik siyasəti quraraq Ermənistana qarşı sistemli və mərhələli blokada siyasəti apardı. Bəs nəticədə Ermənistan Azərbaycanın təcridetmə siyasətinin hansı mərhələlərini keçməli oldu?

Birincisi, İQTİSADİ BLOKADA

– Bu, işğal dövrünü əhatə edir. Bu dövrdə Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı, Azərbaycanın təcrietmə siyasəti rəsmi İrəvanı ianələr hesabına yaşamağa məhkum etdi. Ermənistanda dayanıqlı iqtisadi layihələr reallaşmadı, xüsusilə də Qarabağda möhkəmlənmək üçün heç bir iqtisadi resurs əldə edə bilmədilər. Nəzərə alsaq ki, Prezident İlham Əliyev İƏT-in Zirvə Toplantısındakı çıxışında Azərbaycanın yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər saldığını, bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrıldığını və 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacağını bildirdi. Bəs Ermənistan bu məbləği Qarabağa qoyardımı? Xeyr! Digər tərəfdən, Ermənistan torpaqların gec-tez işğaldan azad ediləcəyini bilirdi.

İkincisi, SİYASİ BLOKADA

– Bu dövr müharibədən sonrakı mərhələni əhatə edir. Hazırda Ermənistan ən yaxın müttəfiqi Rusiyanı da itirmiş vəziyyətdədir. Soçi görüşü zamanı üç amilin – humanitar, iqtisadi-nəqliyat və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin qətiyyətli şəkildə ortaya qoyulması və üçtərəfli sazişin imzalanması Ermənistanın hazırda içində olduğu siyasi blokadanı daha da möhkəmləndirdi. Aşqabad görüşü isə Ermənistanın düşdüyü siyasi blokadanın möhürünü vurdu. Fransanın dəstəyi heç bir effekt vermədi. Türk Dövlətləri Birliyinin, müxtəlif dövlətlərin Azərbaycana ünvanladığı dəstək və işbirliyi mesajları tamamilə fərqli mənzərə yaradıb. Hər kəs Qarabağın bərpası prosesində iştirak etməyə, investisiya qoymaqda maraqlıdır. Əgər Ermənistan hər iki iqtsiadi və siyasi blokada şəraitində itirdiklərindən nəticə çıxarmasa, daha ağır bir dövrə qədəm qoyacaq.

Belə ki, Ermənistana qarşı MALİYYƏ BLOKADASI işə salınacaq.

Söhbət nədən gedir? Beynəlxalq təcrübədə maliyyə blokadasının yaratdığı fəsadların ağır nəticələrini müxtəlif coğrafiyalarda görmüşük. Bu maliyyə blokadası necə işə düşəcək? İlk olaraq Ermənistan bankları ilə əməkdaşlıq sıfırlanacaq, erməni şirkətlərin maliyyələşdirilməsi və kredit siyasəti dayandırılacaq, əvəzsiz yardımlar söndürüləcək. SOROS-un dəstəyi ilə Ermənistana verilən ianə xarakterli maliyyə dəstəyi uzunömürlü deyil. Çünki iqtisadi cəhətdən çökmüş, siyasi cəhətdən tam mühasirəyə alınmış bir dövləti kredit və maliyyə yardımları hesabına ayaqda saxlamaq mümkün deyil. Ona görə də Ermənistanın düzgün nəticə çıxarması vacibdir: təslimçi sülh müqaviləsinə imza atmalı, üzərinə öhdəliklər götürməli, Azərbaycanın ərazi bütövlüyün tanımalıdır. Bundan sonra o, Azərbaycanın icazəsi ilə regional layihələrdə iştirak edə və iqtsiadi dayanıqlıq əldə edə bilər. Elə Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də nəfəslik rolunu oynaya bilər.

İƏT Zirvə Görüşünün ən önəmli tərəflərindən biri odur ki, Azərbaycan məhz Aşqabadda İranın Zəngəzurla bağlı müqavimətini tamamilə qırdı.

İndi bizim qarşımızda daha həssas və dinamik gələcəyə hesablanan addımlar atmaq missiyası durur.

28 il ərzində Azərbaycanın böyük iqtsiadi-siyasi güc əldə etməsinin bir hədəfi var idi: Qarabağı işğaldan azad etmək. Azad etdik!

Bəs bundan sonra qarşımızda hansı hədəflər var, Azərbaycan dövləti özü üçün hansı strateji hədəflər müyyənləşdirməlidir? Bu haqda daha sonra…

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top