Azərbaycan diplomatiyasının növbəti qələbəsi: Soçi və Aşqabad görüşləri Ermənistanı “küncə sığışdırdı”

GÜNDƏM 28 noy 2021, 18:46
"Bu ilin sonuna qədər bunu etməyə razılaşdıq. Ümid edirəm ki, bu ən yaxın zamanda baş verəcək. bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş zamanı sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinməsi haqqında danışarkən deyib. 

Bu, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının da yaxın tarixdə baş tutacağı anlamanı gəlir. 

Məlum olduğu kimi, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını bildirmişdi. Bəzi dövlətlər, eləcə də Ermənistan bunu sadəcə dildə deyilən söz kimi qəbul etsə də, artıq reallıq Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılacağını göstərir. 

Soçi görüşü zamanı Ermənistanın diplomatik cəhətdən də məğlub olması göz önündə idi. Hətta Rusiya mətbuatında, eləcə də xarici mətbuatda gedən yazılarda da Azərbaycan prezidenti İlham Əliyevin Soçi görüşü zamanı əldə etdiyi növbəti uğuru, Ermənistanın isə xülyalarının yenidən iflasa uğraması açıq-aydın müşahidə edilir. 

Prezident İlham Əliyev Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitində iştirak etdi. 

Diplomatik uğurları davam etdirən ölkə başçısı burada da Ermənistana növbəti siyasi zərbə vurdu. 

Belə ki, Aşqabad Bəyannaməsində bir sıra önəmli məsələlər yer aldı. Bəyannamədə "Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq”, ifadələrinin yer alması, İƏT-ə üzv dövlətlər tərəfindən Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərin ünvanlanması Azərbaycanın uğurlu diplomatiyası nəticəsində Ermənistana növbəti zərbədir. 

Bütün bunlar Ermənistan və KTMT-nin üzv digər dövlətləri arasındakı münasibətlərinə mənfi təsir göstərdi. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əhəmiyyətindən danışmasını isə bölgənin bundan sonrakı vəziyyəti haqqında müsbət qənaətə gəlinməsi kimi qiymətləndirilir:

"Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir". 

Artıq Azərbaycanın Qafqazda ən yüksək nüfuza sahib olmasını Qafqaz dövlətləri, islam dövlətləri, eləcə də Ermənistan qəbul edir. Azərbaycanın bölgədə inkişaf etmiş bir dövlət olması region ölkələrinə də müsbət təsir edir. Bu səbəbdən Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi məsələsini hər bir ölkə diqqətdə saxlayır. Bütün bu proseslər Azərbaycan rəhbərliyinin, ölkə başçısı İlham Əliyevin uğurlu diplomatik siyasəti, bu siyasətdə əldə etdiyi uğurların nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli görüşlərdə bütün diqqətləri öz üzərinə çəkir.

Aydın Nuri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top