“Üçtərəfli bəyanat əvvəlki bəyanatlara sadiqliyin ifadəsi xarakteri daşıyır”

GÜNDƏM 27 noy 2021, 15:06
“26 noyabr 2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin Soçi görüşü baş tutdu. Görüşün nəticəsi olaraq bəyanat imzalandı. İmzalanmış bəyanatda sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya məsələlərinin təkrar əks olunması müsbət məqamlardır”.  

Bu sözləri politoloq Ramid Hüseynov Demokrat.az-a açıqlamasında deyib. Politoloqun sözlərinə görə, əvvəlki bəyanatlara riayət olunmasının da yer alması təqdir olunur: 



“Amma Soçidə imzalanmış üçtərəfli bəyanatın müddəalarında daha çox Rusiyanın regionda sülhün və təhlükəsizliyin qorunmasında maraqlı olduğu, sülhməramlıların fəaliyyətinin “lazımlığı”nın nümayiş etdirməsi məqsədini daşıdığı açıq hiss olundu. O cümlədən, görüş daha çox regionda söz sahibinin kim olduğunu və proseslərin necə cərəyan edəcəyinin, tərəflərin necə davranacağının kimdən asılı olduğunu sübut etməsi ilə xarakterizə olundu. Rəsmi Moskvanın regiondakı mövqelərini digərləri ilə bölüşmək niyyətində olmadığı da aydın göründü. Amma Rusiya da yaxşı bilir ki, Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında və imzalanmış bəyanatların müddəalarına tam riayət olunmasında daha çox maraqlıdır. Belə olan təqdirdə Rusiya özünün geosiyasi üstünlüyündən, hərbi-siyasi mövqeyindən istifadə edərək himayə etdiyi Ermənistana təzyiqləri artırması və sülhməramlıların fəaliyyətlərinə daha məsuliyyətlə yanaşmasını tələb etməsi daha doğru olardı. Əks təqdirdə regionda sülhün və təhlükəsizliyin tam olaraq təmin olunmasından, dövlətlərarası münasibətlərin hüquqi müstəvidə həllindən danışmaq real olmazdı. Hesab edirəm ki, üçtərəfli bəyanat ümumilikdə Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş əvvəlki bəyanatlara sadiqliyin ifadə edilməsi xarakteri daşıyır.Hər bir halda, birgə görüşlərin keçirilməsi, müzakirələrin aparılması münasibətlərin normallaşmasında mühüm addımdır”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top