Azərbaycan dünyada mütərəqqi ideyaların fəal təbliğatçısıdır

GÜNDƏM 26 noy 2021, 13:47
İki gündür ki, Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işini davam etdirir. Xəbər verildiyi kimi, forumda 15 xarici ölkədən 40-dan çox nümayəndə iştirak edir. Digər beynəlxalq tədbirlər kimi bu forumda da dünyanın tanınmış ziyalıları, mədəniyyət xadimləri, elm adamları, ekspertlər, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusların nümayəndələri iştirak edirlər. Göründüyü kimi, forumun coğrafiyası çox genişdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi forumun əhəmiyyətindən söhbət açaraq deyib ki, Azərbaycan, həqiqətən də dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyaların fəal təbliğatçısıdır. Belə tədbirlərin respublikamızda keçirilməsinin mühüm əhəmiyyətlərindən biri də dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin Azərbaycanın sürətli inkişafının canlı şahidi olmasıdır. Məlum olduğu kimi, ölkəmiz Ermənistanla müharibədən qalib kimi çıxıb. Müharibə dağıntıdır, iqtisadiyyata güclü zərbədir. Ancaq Azərbaycan genişmiqyaslı yenidənqurma, abadlıq işlərini sürətlə aparır, əhalinin həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir, Qarabağı yenidən bərpa edir. Bu uğurlara yalnız iqtisadiyyatı möhkəm təməllər üzərində qurulmuş ölkələr imza ata bilərlər. Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları belə bir ölkənin – Azərbaycanın şahidi oldular.

2021-ci ilin dövlətimizin başçısının Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladan və bunun olduqca əhəmiyyətli hadisə olduğunu diqqətə çatdıran Ç.Qənizadə deyib: “Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə doğma Vətənində deyil, dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir. Mədəniyyətimizin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında dahi mütəfəkkirin müstəsna rolu olub. Nizami Gəncəvi maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu il çərçivəsində Rusiyada Ermitaj Muzeyində Azərbaycan xalçasının nümayişinin keçirilməsi dediklərimin təsdiqidir”.

Komitə sədri forumda çıxış edənlərin belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirmələrinin Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqların təşkilində zəngin təcrübə toplamasından xəbər verdiyini bildirib və dahi Azərbaycan şairinin beynəlxalq aləmdəki nüfuzundan söhbət açıb: “Məsələn, forumu yüksək qiymətləndirən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Rusiyanın iki böyük şəhərində - Moskvada və Sankt-Peterburqda Nizami Gəncəviyə heykəl qoyulmasını təsadüfi hesab etmədi. O, dahi Azərbaycan şairinin adının bu şəhərlərdə əbədiləşdirilməsinə layiq olduğunu bildirdi. O, Nizami Gəncəvinin təkcə Azərbaycanın deyil, Şərqin dahi oğlu olduğunu bildirdi. Azərbaycanın böyük mütəfəkkirinə verilmiş belə yüksək dəyər xalqımızı qürurlandırır”.

Ç.Qənizadə bildirib ki, forumda “Nizami yaradıcılığı əvvəlcə Orta Şərq, sonradan isə Avropa xalqlarının ədəbiyyatına təsir edib. Nizaminin Avropaya təsiri XVII əsrdən başlayır. Nizami öz idealları ilə İslam dünyasını birləşdirib. Onun ideallarında gələcəyə istiqamətlənən sətiraltı mənalar çoxdur” fikrinin səsləndirilməsi hər birimizi qürurlandırdı. Həmçinin diqqətə çatdırıldı ki, Şərq və Azərbaycan intibahının XII əsrdə ən humanist nümayəndələrindən olan Nizami Gəncəvinin yaradıcılığı multikulturalizm və tolerantlıq elementləri ilə zəngindir. Böyük şair irqindən, milli və dini mənsubluğundan asılı olmayaraq insana çox yüksək dəyər verib. Dahi Nizaminin əsərlərində türk, rus, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayəndələrinə rast gəlinir.

Nizami Gəncəvi Beynəlxalq Forumunda Birgə Kommünikenin qəbul edilməsini yüksək dəyərləndirən hüquq müdafiəçisi bunun dahi Azərbaycan mütəfəkkirinin ecazkar və daimi maarifləndirici ədəbi irsinə hörmət və ehtiramın təcəssümü olduğunu vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top