“Azərbaycan delimitasiyaya başlamağa hazırdır” — Ceyhun Bayramov

SİYASƏT 25 noy 2021, 19:18

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə video-konfrans formatında görüşü baş tutub.

XİN-dən Demokrat.az-a  verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə qarşı tərəfə məlumat verib.

Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.

Nazir, həmçinin azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işlərindən danışıb, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələr, onların geniş coğrafi bölgənin inkişafı və tərəqqisinə xidmət etdiyini bildirib.

Öz növbəsində xüsusi nümayəndə Annika Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı, bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini bildirib, bu istiqamətdə fəaliyyətin bütün bölgənin inkişafı üçün önəmli olduğunu ifadə edib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, o cümlədən həyata keçirilən layihələri və gələcək planları, habelə cari ili dekabr ayında Stokholm şəhərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 28-ci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top