Milli Məclisdə qalmaqal: “Parlamentin yiyəsi var, heç bu söz parlamentə yaraşmır da”

SOSİAL 17 noy 2021, 18:16

Deputat Tahir Kərimli bu gün “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib ki, Milli Məclisin işçilərinə yaşayış binası ayrılmasına kömək edilməlidir.

Deputat hökumətdən xahiş edib ki, Milli Məclisin bu məsələlərinə diqqət yetirilsin:

“Parlamentdə uzun illər işləyən gənclər var. Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda təsadüfən bir nəfər rəhbər şəxsin maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin”, - deyə Tahir Kərimli deyib.

Sahibə Qafarova Tahir Kərimliyə irad olaraq bildirib ki, Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur.

“Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə onun söhbətinə əsəbiləşdim, əsəbimi də gizlətmək istəmirəm. Parlamentin yiyəsi də var, heç bu söz parlamentə yaraşmır da. Mən demişəm, yenə deyirəm, parlamentin yiyəsi Azərbaycan xalqıdır. Qaldı ki, ev məsələsinə. Qarabağda bu gün 1 milyon qaçqın-məcburi köçkün var. Qaçqınlar hara gedəcək? Onları yerləşdirək, sonra danışarıq”, - deyə sədr bildirib. 

Qeyd edək ki, anews.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda 12 deputatın evi yoxdur. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top