“Sinovac” vaksini vurduranlar peyvənd olunmamış sayılır? — QALMAQALLI AÇIQLAMALAR

SOSİAL 16 noy 2021, 14:00
Ölkədə koronavirusla bağlı yoluxma sayı hər gün artan templə davam edir. Vaksinasiyanın sürətlə getdiyi bir vaxtda yoluxmaların pik həddə çatması insanlarda peyvəndə qarşı inamsızlıq yaradıb. Xüsusilə, Çin istehsalı "Sinovac” şirkətinin "Coronavac” vaksininin faydasız olduğunu, xəstəliklə mübarizədə heç bir rol oynamadığını iddia edənlər də var. Ötən gün belə bir iddia ilə türkiyəli mütəxəssislər çıxış edib. Onlar hesab edir ki, iki doza “Sinovac” peyvəndi vurduranlar peyvənd olunmamış hesab edilir. Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün iki doza “Sinovac” peyvəndi yetərsizdir. 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Demokrat.az-a açıqlamasında  məsələyə aydınlıq gətirib:

“Bu gün böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, pandemiyanın başlanğıcında “Sinovac” peyvəndinin effektivliyi ilə bağlı olan elmi tədqiqatlar yeni mutasiyalar üzə çıxdıqca aparılmadı. Bu da öz növbəsində o peyvəndin yeni mutasiyalara qarşı yüksək effektivliyini elmi arenada böyük sual altına qoydu. Burada önəmli məqam effektivliyin yüksək olmasından gedir. Buna da hər kəs xüsusi diqqət etməlidir. Çünki ancaq bu tip peyvəndlərlə pandemiyaya qarşı müasir və elmi əsaslı mübarizə aparmaq mümkündür. Hələ ki, mənim istinad edəcəyim elə bir elmi tədqiqat yoxdur ki, orada iki doza “Sinovac” peyvəndindən sonra bir doza “Pfizer” peyvəndi alan şəxslərdə yüksək effektivlik göstərilsin. Məhz bu səbəbdən, elm adamlarının iki doza “Pfizer” alınmalıdır təklifi başa düşüləndir”.

Həkim-infeksionist Mərdan Əliyev deyib ki, indiyədək iki doza “Sinovac” peyvəndi vurduranlarda ağırlaşmalar olmayıb: 

“Peyvənd vurdurmaq o demək deyil ki, virusa yoluxmayacaqsan. Virusa yoluxanda əgər iki doza peyvəndin varsa, yüngül keçirir və sağalırsan. Mən öz təcrübəmdə də bunu müşahidə edirəm. İki doza peyvənd alanlarda ağırlaşmalar olmur. Yoluxanda bir neçə gün, hətta bir həftə qızdırma ola bilər, amma peyvənd olunubsansa, ağciyərlərdə ciddi dəyişiklik, problem yaranmır. Hətta virusa yoluxan şəxsin yanaşı xəstəliyi olsa belə, peyvənd vurdurubsa, ağır keçirmir. “Sinovac”la bağlı araşdırmada da göstərilib ki, ağırlaşmalardan 100 faiz, pnevmoniyalardan isə 90 faiz qoruyur. Çin istehsalı olan vaksinin digərlərindən fərqi ənənəvi üsulla hazırlanmasıdır.

“Sinovac” şirkətinin “CoronaVac” vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir. Peyvəndin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilməsidir. Ona görə “Sinovac”la bağlı iddiaları əsaslı hesab etmirəm”.

Demokrat.az TƏBİB-dən “Sinovac” peyvəndi ilə bağlı səsləndirilən iddiaların nə dərəcədə doğru olması ilə bağlı münasibət öyrənməyə çalışıb. Lakin qurumdan saytımıza qısaca onu bildiriblər ki, “Sinovac” vaksini ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top