"Rusiya Mirzoyanı Ermənistana versə, sülhməramlıların Qarabağı tərk etmək məsələsi ortaya qoyulmalıdır"

GÜNDƏM 13 noy 2021, 17:53
“Şuşa yaxınlığındakı posta qumbara atan şəxs, terrorist dərhal fikirləşmədən Azərbaycana təhvil verilməlidir”. 

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, baş verənlərə görə, Rusiya sülhməramlıların məsuliyyəti ermənilərdən daha çoxdur: 



“Rusiya sülhməramlıları dərhal aydınlıq gətirməlidir ki, niyə onların nəzarət etdiyi ərazilərdə erməni terroristlər belə rahat şəkildə silah-sursatla gəzirlər? Əgər Rusiya həmin terrorist N.Mirzoyanı Ermənistana təhvil verərsə, o zaman Azərbaycan hökuməti günü sabahdan Rusiya sülhməramlıların dərhal qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etmək məsələsini ortaya qoymalıdır. Çünki Rusiya sülhməramlıları faktiki olaraq bu gün üç Azərbaycan vətəndaşının həyatına qəsd olunmasına şərait yaradıb. Təbii ki, bu birinci hal deyil. Rusiya sülhməramlıların səhlənkar, məsuliyyətsiz vəzifə  borclarına yanaşmasının dəfələrlə şahidi olmuşuq. Bunun nəticəsində yararlılarımız da, şəhid olanımız da olub. Bu artıq açıq şəkildə Azərbaycan tərəfinə sataşmaq deməkdir. Bizim posta gələsən, Azərbaycan əsgərlərinə qarşı silah işlədəsən, sonra da bu terroristi Ermənistana qaytarasan. Mən bunu anlaya bilmirəm? Hardadır, o Rüstəm Muradov, hansı ki, təyyarə ilə uçub gəlirdi, erməni terroristlərini aparırdı Ermənistana? Hesab edirəm ki, Azərbaycan heç bir halda Mirzoyanı Ermənistana təhvil verməməlidir. Biz kifayət qədər yumşaqlıq nümayiş etdirdikcə, Rusiya sülhməramlıları Azərbaycan qanunlarını pozmaqda davam edirlər. Onlar Azərbaycan ərazisində Azərbaycanın mənafelərini birinci növbədə qorumalıdırlar. Biz onları dəvət eləməmişik ki, onlar özbaşınalıqlarını davam etdirsinlər. Həmin məkanlarda kifayət qədər qardaş və bacılarımızın qanı axıdılıb. Terroristin Ermənistana təhvil verilməsi düzgün deyil! Bundan sonra heç bir xahişdən, minnətdən söhbət belə gedə bilməz. Əgər üç əsgərimiz yararlanmasaydı, üçü də həyatını itirsəydi, onda nə olacaqdı? Bir dənə başlarına dəysin quru başsağlığı verəcəkdilər, vəssalam. Gör üstündən neçə saat keçib, hələ də susurlar. İstər Ermənistan tərəfi olsun, istərsə də Rusiya tərəfi”.

Ü.Cəfərov vurğulayıb ki, onsuz da bu hadisə gözlənilən idi: “Çünki Rusiya sülhməramlıları gəldikləri gündən bəri Azərbaycan tərəfinə məsuliyyətsizlik edirlər. Onlar 2020-ci ilin noyabrın 10-dan doğru, düzgün şəkildə bu prosesi həyata keçirsəydilər, bu vaxtadək bir dənə də olsun orada yaramaz erməni silahlısı qalmazdı. Amma görünən odur ki, indiyədək barmağı barmaq üstünə qoymayıblar. Ona görə də bu hadisə gözlənilən idi. Bu hadisənin qarşısını almaq üçün Mirzoyan ən sərt şəkildə cəzalandırılmalıdır. Cəzalandırılmasa, o zaman bundan sonra daha böyük faciələr və hadisələr baş verəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top