Politoloq: "Artıq Şuşa Türk dünyasının mədəniyyət paytaxtı kimi qəbul olunacaq"

GÜNDƏM 13 noy 2021, 12:50
Xəbər verdiyimiz kimi, İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşü keçirildi. Quruma sədrliyin Azərbaycandan Türkiyəyə keçdiyi Zirvə Görüşündə dost və qardaş ölkələrlə bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Təşkil olunan görüşdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü irəli sürülüb.

Təşəbbüsü yüksək dəyərləndirdiyini deyən politoloq Cümşüd Nuriyev Demokrat.az-a açıqlamasında bildirib ki, Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin çox böyük rəmzi mənası var. Politoloq diqqətə çatdırıb ki, bunun mədəni tərəfindən çox siyasi mənası daha böyükdür: 



“Türkdilli Dövlətlərin Təşkilatının yaranması artıq Türk dünyasının birliyinin ilk qaranquşudur. İlk dəfə idi ki, rəsmi dövlətlər səviyyəsində müstəqil Türk dövlətləri bir araya gəlirdi. Gələcəkdə bunun sıralarının çoxalmasına şübhə yoxdur. Çünki gələcəkdə bu sıralara Tatarıstan, Başqırdıstan, Tuğa, Yakutiya və s. digərləri də daxil olması ehtimalı həddən artıq yüksəkdir. Yəni böyük bir Türk dünyasının ideoloji mərkəzi, ideoloji müstəvisi formalaşsın. Türkdilli dövlətlərin təşkilatının Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan etməsinin çox böyük rəmzi mənası var. Bilirsiniz ki, Şuşa ilə bağlı Azərbaycan prezidentinin xüsusi planı var. Bu çox ağıllı və həddən artıq uzaqgörən bir plandır. Yəqin ki, bu təşəbbüs də Cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin Türkdilli dövlətlərin sammitində bu rəsmiləşdirilib. Bunun mədəni tərəfindən çox siyasi mənası çox böyükdür. Çünki Ermənistan və onu dəstəkləyən qüvvələr Şuşanın işğaldan azad olunmasını özlərinə heç cür isindirə bilmirlər. Tez-tez çalışırlar ki, Şuşa haqqında iftiralar yaysınlar, hətta bu gün səhər-səhər artıq Daşaltı postunda erməni terroru yenə də özünü göstərib. Mirzoyan soyadlı bir erməni Azərbaycan əsgərinin qoruduğu posta qumbara atıb. Bütün bunların hamısı o deməkdir ki, ermənilər hələ də onları qızışdıran bizim qonşu dövlətlərin əli ilə Şuşa xülyasında əl çəkməyib”.

C.Nuriyev qeyd edib ki, bu təşəbbüs Şuşada imzalanan Azərbaycan-Türkiyə bəyanatından sonra verilən ən uğurlu, ən ağıllı bir siyasi qərardır: “Çünki artıq dünya Şuşanı məhz Türk dünyasının mədəniyyət paytaxtı kimi qəbul edəcək. Amma görünən odur ki, Rusiyanın Şuşa haqqında planları tamamilə bizim düşüncələrimizin əks istiqamətindədir. O cümlədən Rusiya Qarabağda qalmaq siyasətini gələcəkdə Şuşa üzərindən həyata keçirmək istəyir. İnanıram ki, Azərbaycan prezidenti belə bir şeyə imkan verməyəcək. Qeyd edim ki, bəzi qüvvələr həm ölkə daxilində, həm də ölkə xaricində Azərbaycan iqtidarının yürütdüyü ağıllı siyasəti heç cürə içlərinə sindirə bilmirlər. Özlərinə uyğun planlar qurublar bəlkə də ki, qaytarsınlar Şuşanı. İndiki zamanda Azərbaycanın daxilində və xaricində Azərbaycana qarşı təzyiqlər etmək, gərginlik yaratmaq istəyənlər, erməniləri dəstəkləyən qüvvələr, erməni diasporasını vəsaiti ilə danışan qüvvələrin içərisində təəssüf ki, bizimkilər də var. Bu təşəbbüs, ideya bütün bunların hamısının puça çıxması deməkdir. Onların siyasi məğlubiyyəti deməkdir, proqnozlaşdırılan siyasətin indidən fiaskoya uğraması deməkdir. Bu İlham Əliyevin yeni bir qələbəsi deməkdir. Azərbaycan Ordusunun Şuşanın azad edilməsinin artıq hərbi müstəvidən siyasi, mədəni müstəviyə keçirilməsi deməkdir. Azərbaycanın yenidən Şuşaya qayıtması deməkdir. Təbii ki, bunun çox müsbət tərəfləri var. 2023-cü ildə Şuşa haqqında qəbul olunmuş bu qərarın uğurla yerinə yetirəcəyinə şübhəm yoxdur. İnanıram ki, Azərbaycan prezidenti yürütdüyü ağıllı siyasət nəticəsində biz arzularımıza çatacağıq”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top