Deputat: “Sülhməramlıların bu addımını şişirtmək lazım deyil”

GÜNDƏM 12 noy 2021, 11:36
"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə milli-mənəvi dəyərlərin təbliği ilə məşğul olmaq üçün belə addımlar atıldıqda mütləq Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Qarabağda salınmış "Rusiya Şöhrət Xiyabanı" onların tanınmış, görkəmli simalarının büstləri qoyulub. İstənilən halda, xüsusilə də cəmiyyətin həssas olduğu bu cür məsələlərdə Azərbaycanın mövqeyi nəzərə alınmalıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Rusiyanın sülhməramlı kontingentinin Qarabağda qurduğu "Rusiya Şöhrət Xiyabanı" barədə danışarkən deyib.

E.Nəsirov bildirib ki, sülhməramlıların bu addımını bir o qədər şişirtmək lazım deyil: "Dünyada belə təcrübələr var. Müxtəlif dislokasiya zonalarında bu və ya digər sülhməramlı kontingentin öz dövlətinə məxsus mədəni mahiyyətli tədbirlər görməsi müşahidə edilib. Misal üçün, ABŞ-ın ayrı-ayrı dövlətlərdə yerləşdirilən hərbi bazalarında onların tarixinin, mədəniyyətinin tanıdılması ilə bağlı müxtəlif tədbirlər görülüb. Eynilə də, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyasını həyata keçirən hərbi bazası da həmin ərazidə belə heykəl və büstlər qoymasa da, müəyyən yerlərdə və ya otaqlarda Azərbaycanın dövlətçiliyi ilə bağlı simvollardan, şəkillərdən istifadə edirdi. Lakin istənilən halda, Azərbaycanla razılaşdırma aparmaq lazım idi. Onu da nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlılarının bu cür addımları erməni seperatçılarında müəyyən ümidlər yaradır. Düşünürlər ki, Qarabağda Azərbaycanın xəbəri olmadan istənilən addımı atmaq olar. Bu nöqteyi nəzərdən, çox həssas məsələdir. Yəqin ki, mövzu ilə bağlı məlumatlandırma olacaq, qarşı tərəfin mövqeyi öyrəniləcək".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top