II Qarabağ müharibəsi dövründə beynəlxalq reaksiya

GÜNDƏM 10 noy 2021, 12:03
30 ilə yaxın müddətdə davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi genişmiqyaslı beynəlxalq müzakirələrə səbəb olsa da, məsələ ətrafında gedən danışıqlar prosesi heç bir nəticə vermədi. 27 sentyabr 2020-ci il tarixində hərbi əməliyyatların alovlanması, iki dövlət arasında müharibənin başlanması beynəlxalq birliyin bu məsələyə lazimi diqqət yetirməməsindən, obyektiv yanaşmamasından qaynaqlanırdı.  

Beynəlxalq birliyə də məlum idi ki, Dağlıq Qarabağ problemi sadəcə Azərbaycan xalqı üçün ümummilli məsələ deyildi, həm də bölgədə sülh və əmin-amanlığın, sabit, konfliktsiz siyasi həyatın bərqərar edilməsi, iqtisadi rifahın əldə olunması  üçün həlli zəruri olan beynəlxalq, regional problem idi. Təbii ki, danışıqların 30 ilə yaxın müddət ərzində real nəticələr verməməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv mövqeyi ilə birbaşa əlaqəlidir. Bununla belə, müasir beynəlxalq münasibətlər sistemində “ikili standartlar” amili beynəlxalq hüququn təməl prinsiplərinin təmin olunmasına hələ də maneə olaraq qalmaqdadır və biz bunu zaman-zaman dünyada baş verən müxtəlif siyasi proseslər konteksində müşahidə edirik. Təbii ki, konfliktlərin müxtəlif maraq və mənafelərə malik tərəfləri olur və bu tərəflərə bu və ya digər səbəblərdən dəstək nümayiş etdirilməsi beynəlxalq təcrübədə və konfliktologiya elmində müşahidə edilən amildir. Bununla belə, beynəlxalq münasibətlər sistemində mövcud olan və özünü bu sistemin  subyekti hesab edən istənilən tərəf beynəlxalq hüququn müəyyənləşdirilmiş və dəqiqləşdirilmiş konkret prinsip və meyarlarına əməl etməyə borcludur.

Qarabağın uzun müddət düşmən işğalı altında qalması müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünə ciddi təhdid idi və bu problemin həlli milli, siyasi təhlükəsizliyin təmin edilməsi baxımından zəruri əhəmiyyət kəsb edirdi, bununla əlaqədar olaraq Azərbaycan öz haqlı mübarizəsini aparırdı. Və bu haqqı Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, ATƏT-in təsis edilməsi üzrə əsas akt-Helsinki Yekun Aktında (1975-ci ilin iyul ayında imzalanmışdır) öz əksini tapan ərazi bütövlüyünün qorunması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı, xalqların öz müqəddəratını həll etməsi kimi təməl beynəlxalq hüquq prinsiplərindən alırdı.

Müharibənin davam etdiyi 44 gün ərzində Ermənistana dəstək nümayiş etdirərək onun yanında olduğunu bildirən bəzi dövlətlər və onların rəhbərlərinin sərsəm bəyanatları işğalçını dəstəkləmək və  beynəlxalq hüquq prinsiplərini əzməkdən başqa bir şey deyildi. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın rəhbərliyinin müharibənin ilk günlərindən işğalçı Ermənistanı dəstəkləməyə yönəlmiş səsləndirdiyi bəyanatları bu baxımdan xüsusilə diqqəti cəlb edirdi. Belə ki, Fransa prezidenti Emmanuel Makronun sentyabrın 30-da  Riqada etdiyi çıxışında “Ermənistana və erməni xalqına deyirəm ki, Fransa da öz rolunu oynayacaq, Qarabağın fəth edilməsinə yol verməyəcəyik” bəyanatı, hər şeydən öncə Fransanın vasitəçilik missiyasına tamamilə zidd idi və bu missiyanı yerinə yetirə bilməməsindən, tərəfsizliyini qorumadığından xəbər verirdi. Fransanın məsələyə birtərəfli və qərəzli yanaşması onu göstərdi ki, bu ölkə  Minsk qrupunun həmsədri funksiyasını yerinə yetirməkdə nəinki maraqlı deyil, hətta münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, danışıqlar prosesini yubatmaq onun bu məsələ ətrafındakı əsas marağıdır. 

Hər zaman Ermənistana siyasi dəstəyi ilə seçilən Yunanıstan müharibənin alovlandığı dövrdə də işğalçıdan dəstəyini əsirgəmədi. Azərbaycanla Yunanıstanın çox sıx diplomatik əlaqələri olmasa da, hər iki dövlət bir-birilə enerji təhlükəsizliyi sahəsində, kommersiya marşrutları məsələsində əməkdaşlıq etməkdə maraqlıdır. Bununla belə Yunanıstanın Ermənistanla hərbi sahədə əməkdaşlıq etməsi, hər iki ölkənin müdafiə nazirləri arasında 2019-cu ildə növbəti il üçün hazırlanan ikitərəfli əməkdaşlıq proqramı və bu proqram çərçivəsində hərbi, tibbi, kibertəhlükəsizlik sahələrində qarşılıqlı yardım tədbirlərinin keçirilməsi Azərbaycanla Yunanıstanın münasibətlərinə kölgə salmağa rəvac verir. 44 günlük müharibə dövründə də Yunanıstan Ermənistana hər cür dəstək verməyə hazır olduğunu bəyan etmişdir.

İşğalçıya növbəti dəstək Cənubi Kipr Respublikasının timsalında müşahidə edildi. 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhəddində, Tovuz istiqamətində döyüşlərin kəskin hal aldığı dövrdə Yunanıstan kimi Cənubi Kipr də Ermənistanı dəstəkləyən mövqe sərgiləmişdilər. Bundan başqa, Cənubi Kiprin II Qarabağ müharibəsində yüksək hərbi rütbəli zabitlərinin, generallarının Azərbaycanın işğal altında olan torpaqlarında olması, hətta Qarabağa gətirilmiş PKK-YPG terror qruplaşmalarına hərbi təlimlər keçməsi barədə əsaslı faktlar da mövcuddur. Düşünmək olar ki, Ermənistanın Cənubi Kipr və Yunanıstan tərəfindən bu formada dəstəklənməsinin əsas hüquqi bazası 2019-cu ilin iyul ayında Yunanıstan-Ermənistan-Cənubi Kipr arasında hərbi-sənaye və hərbi-texniki sahələrdə əməkdaşlığa dair üçtərəfli razılaşmadır.

Bunu da qeyd etmək yerinə düşər ki, həm Yunanıstan, həm də Cənubi Kipr qondarma “Dağlıq Qarabağ Muxtar Respublikası”nı ciddi şəkildə dəstəkləyən, 1915-ci il qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrdir. Və bu dəstəyi Türkiyənin regionda, həmçinin beynəlxalq arenada artmaqda olan nüfuzu ilə əlaqələndirmək olar. Lakin o da məlumdur ki,  Türkiyəyə qarşı istiqamətlənmiş istənilən ittifaq Azərbaycanın maraqları isə səsləşə bilməz.

Müharibə dövründə qonşu İranın mövqeyi də diqqəti xüsusilə cəlb edirdi. Müharibənin ilk günlərində sükutunu qoruyan İran Azərbaycanın döyüş bölgəsində əldə etdiyi uğurlardan müharibənin sonrakı taleyini anlayıb Azərbaycanı dəstəkləyən bəyanatlar səsləndirdi. Dövlət rəsmiləri İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, onun işğal altındakı torpaqlarını azad etməsinin zəruriliyi vurğulamış və atəşkəsin əldə edilməsi, hərbi əməliyyatların dayandırılması  üçün vasitəçilik etməyə hazır olduqlarını bildirmişlər. Lakin bu bəyanatları İranın ənənəvi ermənipərəst mövqeyini dəyişdirməyi kimi dəyərləndirmək də doğru olmazdı. Çünki reallıq İran rəsmilərinin bəyanatlarını təkzib edirdi. Düzdür, İran Dağlıq Qarabağ qondarma Respublikasını heç vaxt tanımayıb, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə və ərazi bütövlüyünə dəstək verdiyini hər zaman bildirib. Bununla belə, hərbi əməliyyatların davam etdiyi dövrdə İranın Ermənistana silah və hərbi texnika ötürməsinə dair informasiyalar gündəmi zəbt etmişdi. İrana məxsus yük avtomobilləri vasitəsilə Azərbaycanın işğal altında olan ərazilərinə yanacaq, ərzaq və tibbi yardımın edilməsinə dair videogörüntüləri isə İran səfirliyi təkzib etmiş, görüntülərin saxta olduğunu bildirmişdir.

Post-müharibə dövründə İran və Azərbaycan arasındakı münasibətlərdə gərginlik müşahidə edilməyə başlandı. Müharibənin başlanmasından 1 il sonra- 2021-ci ilin sentyabr ayında İran İslam Respublikasına məxsus quru qoşunlarının Azərbaycanın işğaldan azad etdiyi əraziləri ilə sərhəddə hərbi təlimlər keçməsi Azərbaycanın ciddi narahatlığına səbəb olmuşdur. Burada əsas təəccübləndirici məqam  erməni işğalçılarının Qarabağda məskunlaşdığı dövrdə bu cür təlimlərin sərhəd zonasında keçirilmədiyi, yalnız işğala son qoyulduqdan və bölgə Azərbaycanın nəzarətinə keçdikdən sonra baş tutması faktı idi. Bu, Azərbaycanın ərazisindən keçən Gorus-Qafan yolundan istifadə edən İran nömrəli nəqliyyat vasitələrinə rəsmi Bakının nəzarət etməsi, onlara gömrük rüsumlarının tətbiq edilməsinə cavab olaraq qiymətləndirilir. İranın nümayiş etdirdiyi qeyri-konstruktiv hərəkətləri 10 noyabr 2020-ci il bəyanatından sonra Rusiya və Türkiyənin birgə monitorinq qrupunun yaradılması, İranın bu proseslərdən kənarda qalmasından yaranan narahatlıqla da əlaqələndirmək olar. Bundan başqa yüksələn xətt üzrə inkişaf etməkdə olan İsrail-Azərbaycan münasibətlərini də İranın narahatlığına səbəb olan amillər sırasında göstərə bilərik. İstənilən halda, unutmaq olmaz ki, müharibədəki şanlı qalibiyyətindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni bir reallıq var. Azərbaycanı “dost, qardaş ölkə” adlandıran İran əməldə də bu dostluğu, din qardaşlığını nümayiş etdirməli, bölgədə sabitliyin davamlı olması üçün çalışmalıdır.

Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlarda hər zaman aktiv iştirak edən və problemin həllində maraqlı olduğunu bəyan edən  Rusiyanın da hərbi əməliyyatlar dövründə mövqeyi xüsusi maraq doğururdu. İstər müharibədən əvvəl, istərsə də hərbi əməliyyatlar dövründə Ermənistanın əsas silah-sursat və hərbi texnika təchizatçısı olan Rusiya diplomatik sahədə açıq nümayiş sərgilədi. Rusiya Prezidenti Vladimir Putin mətbuat nümayəndələrinin suallarını cavablandırarkən Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulamışdır. 10 noyabr 2020-ci il tarixli hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatın hazırlanması və imzalanmasında Rusiya aktiv rol oynamış və bəyanatda post-müharibə dövründə sülh və sabitliyin əsas təminatçılarından biri olması öhdəliyini öz üzərinə götürmüşdür. Bəyanat dost və qardaş Türkiyənin də müharibədən sonrakı yeni mərhələdə aktiv iştirakını nəzərdə tuturdu. Təbii ki, müharibədə qalibiyyətin əldə olunmasında Türkiyənin siyasi dəstəyinin rolu danılmazdır. Beynəlxalq və diplomatik səviyyədə Azərbaycana ən böyük dəstəyi ənənəvi olaraq Türkiyə nümayiş etdirdi. Bundan sonrakı mərhələdə də Türkiyə sülhyaratma prosesinin əsas iştirakçılarından biri olacaqdır. 

Hərbi əməliyyatlar dövründə Türkiyə ilə yanaşı, Pakistan, Ukrayna, İsrail, Moldova, Bosniya və Hersoqovina, Macarıstan Respublikası, Şimali Kipr Türk Cümhuriyyəti, həmçinin Beynəlxalq Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər.

Erməni lobbisinin geniş yayıldığı, diasporunun aktiv fəaliyyət göstərdiyi ölkələrin media qurumlarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi diqqətdən kənar qala bilməz. Bu media qurumları və onların nümayəndələrinin tarixi faktları saxtalaşdıraraq dünya ictimaiyyətinə yalan məlumatlar ötürməsi jurnalistika etikasına və prinsiplərinə zidd idi. Onların öz məqalələrində və hazırladıqları reportajlarda dəfələrlə Dağlıq Qarabağı iki ölkə arasında “mübahisəli” ərazi adlandırması, onun Azərbaycan Respublikasına məxsusluğu barədə məlumat verməməsi birtərəfli mövqe nümayiş etdirdiklərinin sübutudur. Dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinə müsahibə verən ölkə başçısı Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqeyini dünyaya bəyan etmiş, bəzi hallarda Qərb mediasının təxribatçı suallarını dərin analitik və diplomatik bacarığı ilə cavablandırmış, ölkəmizi layiqincə təmsil etmişdir. 
                  
Ölkəmiz istər hərbi , istər diplomatik, istərsə də informasiya sahəsində parlaq qələbə qazandı və öz inkişafının yeni bir mərhələsinə qədəm qoydu. Bu yeni mərhələdə Azərbaycanın Cənubi Qafqazın lider və qalib dövləti olması danılmaz faktdır və bu reallıqla hər kəs barışmalıdır.
                 
Samirə Novruzova
Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının
Siyasi idarəetmə fakültəsinin magistrantı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top