“Ermənilərin Azərbaycan dilini ciddi şəkildə öyrənməyə kütləvi maraq göstərməsi yaxşı haldır”

GÜNDƏM 04 noy 2021, 20:55
Azər Həsrət: “Qarabağda yaşayan ermənilər həm də Azərbaycan dilini öyrənərək cəmiyyətimizə inteqrasiya olmağın qaçılmaz olduğunun fərqinə varıblar”

Yayılan məlumatlara görə, Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində Azərbaycan dilinin tədrisinə başlanılıb. Qeyd edilənə görə, Azərbaycanşünaslıq Mərkəzi yerli universitetin nəzdində fəaliyyət göstərəcək.

Xankəndidə yaşayan ermənilər arasında Azərbaycan dilinə marağın kütləviləşdiyi hiss olunur və ermənilər daha çox vətəndaşı olduqları ölkənin dilini mənimsəməyə çalışırlar. Xankəndi Azərbaycan ərazisidir və burada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır.

Ermənilərin Azərbaycan dilinə maraq göstərməsi onu deməyə əsas verir ki, onlar Azərbaycanın qayda-qanunlarına tabe olacaqlarına işarə edirlər. Yəni onlar Azərbaycan vətəndaşı pasportu daşımağa hazırlaşırlar. Ekspertlərə görə, Xankəndidə yaşayan ermənilərin Azərbaycana müraciət edəcəyi aşkar görsənir. Belə olmasaydı, kütləvi şəkildə Azərbaycan dilini öyrənməyə meyl etməzdilər.

“Ermənilərin Azərbaycan dilini ciddi şəkildə öyrənməyə kütləvi maraq göstərməsi yaxşı haldır”

Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bildirdi ki, Xankəndidə Azərbaycan dilinin tədrisinə başlanılması çox müsbət haldır və bu gözlənilməz deyildi: “Əlbəttə ki, gec-tez Qarabağda, yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqarsiya olacaqlar. Olmalıdırlar da. Bunun alternativi də Azərbaycan Respublikasının ərazisini tərk edib başqa bir yerə, istər Ermənistana, istərsə də üçüncü bir ölkəyə yerləşməkdir. Ermənilərin bu seçim qarşısında qalacaqları gün uzaqda deyil. Ona görə də yəqin ki, Azərbaycan dilini və Azərbaycanın dövlət sistemini öyrənmək kimi bir qayğıları var. Çox güman, Azərbaycan dilini öyrənməyə başlamaları da bununla bağlıdır. Ümumiyyətlə, ermənilərin Azərbaycan dilini ciddi şəkildə öyrənməyə kütləvi maraq göstərməsi yaxşı haldır. Əslində, dil öyrənmək yaxşıdır. Bizim cəmiyyətdə də erməni dilini öyrənənlər var. Qarşılıqlı şəkildə dillərin öyrənilməsi heç də zərərli bir şey deyil”.

A.Həsrətin sözlərinə görə, bütövlükdə isə bir çözüm yolu var, o da ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olmasıdır:

“Ermənilərin bir çözüm yolu var - Azərbaycan vətəndaşı kimi dövlətimizin qanunlarına tebe olmaq və Azərbaycan Konstitutsiyasının verdiyi hüquqlardan yararlanmaq. Azərbaycan dövləti onlara bu şəraiti yaratmağa hazır olduğunu hər zaman bəyan edib, indi də bəyan edir. Bu baxımdan, yəqin ki, Qarabağda yaşayan ermənilər həm də Azərbaycan dilini öyrənərək cəmiyyətimizə inteqrasiya olmağın qaçılmaz olduğunun fərqinə varıblar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top