Bakıda daha bir qadın və övladının faciəsi... — İntihar, yoxsa qətl? (VİDEO)

GÜNDƏM 02 noy 2021, 13:07
Avqustun 30-da Bakıda daha bir qadın və qızının ölümü ilə nəticələnən hadisə baş verdi. Niftəliyeva Aytən İlham qızı və 1 yaşlı qızı Tahirə Niftəliyeva yaşadıqları üçmərtəbəli mülkün damından yıxıldı. Hadisə nəticəsində Tahirə Niftəliyeva hadisə yerində dünyasını dəyişdi. Azyaşlının anası ağır vəziyyətdə reanimasiyaya yerləşdirsə də, onun həyatını xilas etmək mümkün olmadı. 

Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin olaraq, bunun intihar hadisəsi olduğu deyilsə də, Aytən Niftəliyevanın ailə üzvləri hadisənin cinayət olduğunu bildirdi. Onlar hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. A.Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib. Onlar hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılmasına da etiraz etmişdilər. 

A.Niftəliyevanın ailəsi R.Niftəliyevin xəyanət etdiyini, tərəflər arasında bununla bağlı münaqişənin olduğunu qeyd edib. 

Rəhman Niftəliyev isə hadisə ilə bağlı açıqlama verərkən iddiaların əsassız olduğunu bildirmişdi. Təəccüb doğuran məqam isə onun hadisədən dərhal sonra soyuqqanlı şəkildə sosial şəbəkə hesabından canlı yayım açaraq məlumat verməsi, günahsız olduğunu bildirməsidir. Bu soyuqqanlılıq 1 yaşlı övladını itirən ataya xas soyuqqanlılıq deyildi. 

Faciədən iki ay keçsə də, məsələ ilə bağlı yekun qərar açıqlanmayıb. Cinayət işi üzrə araşdırmanın aparıldığı bildirilir.

A.Niftəliyevanın qardaşı İlkin Süleymanov bir neçə gün əvvəl “Youtube” platformasında hadisənin şahidlərinə müraciət ünvanlayıb. O, Rəhman Niftəliyevin sübut yetərsizliyinə görə azadlıqda olduğunu bildirib və hadisə şahidindən əlində olan sübutu bölüşməyini, məhkəmədə şahidlik etməsini istəyib:

“Bu gün hadisə şahidləri “Mənim problemim deyil” deyə düşünərək, kənara çəkilə bilərlər. Amma Rəhman Niftəliyev kimi cinayətkarların hər yerdə var və onlar törətdikləri cinayətlə qürur duyacaq qədər xəstə təfəkkürdədirlər. Bu, bizim hamımızın məsələsidir. Əlinizdəki faktları bizimlə bölüşün, şahidlik edin. Ölmək ölməkdirsə, xırıldamaq nədir? Bu gün şahidlərin susmağı cəmiyyətin xırıldamağıdır. Mən bacımı, onun övladını itirmişəm. Amma mən cəmiyyət üçün çalışıram, mübarizə aparıram. Amma şahidlərin susması mübarizəmizi zəiflədir. Qatillər rahat gəzərkən nələrinsə düzələcəyinə inanmaq çətindir”.

İ.Süleymanovun iddiaları həqiqəti əks etdirirsə, demək hazırda bir potensial qatil azadlıqdadır. Təəssüf ki, son illərdə bu cür ailə faciələri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Qadın hüquqlarının tapdalanması, gənc ailələrdə ananın ayrılmaq istəyinin həyat yoldaşı tərəfindən qəbul edilməməsi, əvəzində şiddətə əl atması ailə dramlarının oxşar ssenarisidir. Nəticə isə eyni olur, ailə münaqişəsi faciə ilə bitir. Bu münaqişədə isə söhbət iki candan, valideynlərinin səhvi ucbatından həyatını itirən günahsız körpədən gedir.

1 yaşlı Tahirənin ölümü, ya da öldürülməsi cəmiyyətin, ictimai qınağın yetərli rol oynamadığını göstərdi. Gənc ailələrdə, gənclər arasında baş verən bu cür münaqişələrdə problemin mənbəyini bir az da özümüzdə - cəmiyyətdə axtarmalıyıq. Bu cür xəstə təfəkkürün qurbanı xalqın gələcəyi sayılan uşaqlar, körpələr olmamalıdır.
 


Aygül
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top