"Azərbaycan Ermənistana və Rusiyaya qarşı daha sərt tələblərlə çıxış etməlidir"

GÜNDƏM 20 okt 2021, 23:40
"Qarabağda olan bir neçə min erməninin məsələsi varsa, Qərbi Azərbaycan türklərinin də məsələsi danışıqlar predmeti olmalıdır"
 
Dünən 5 erməni terrorçusunun Ermənistana təhvil verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı və bu sövdələşmədə Azərbaycanın uduzan tərəf olduğu iddiaları da səsləndi. Ermənilərə heç bir halda etibar edilməməsi və Rusiyanın da bu alverdə oynadığı ikibaşlı qeyri-səmimi rol da appaçıq ortada. Ümumiyyətlə, ermənilərlə sövdələşmənin baş tutacağı az inandırıcı olmağa başlayıb. Çünki onların öz imzalarına dəfələrlə naxələf çıxdıqlarını görə görə gəlmişik. Odur ki, bu xəmirin hələ çox su aparacağı qənaəti möhkəmlənməkdədir...
 
Elə fikirlərini öyrəndiyimiz tanınmış politoloq, ermənişünas alim Qafar Çaxmaqlı da fərqli düşünmür. Əksinə, politoloq Moderator.az-a açıqlamasında deyir ki, Azərbaycan daha sərt tələblərlə çıxış etməlidir:
 
"Ermənistan 10 noyabr 2020 və 11 yanvar 2021- ci il razılaşmalarında öhdəsinə götürdüyü bir çox vəzifələrini yerinə yetirmədiyi məlumdur. Onlar bunları etməmək üçün bəhanələr də tapırlar. Biri onların "əsir" dedikləri terrorçulardır. Ermənistan bu məsələni dünyanın gündəminə daşıya bildi və Azərbaycana bununla bağlı təzyiqlər edilir. Eyni zamanda ermənilər bu məsələni alver predmetinə çevirdi, ondan öhdəlikləri yerinə yetirməsi tələb olunanda terrorçularla bağlı məsələni ortaya atır. Bu işlərdə vasitəçilik missiyasını indiki halda üzərinə götürmüş Rusiya da öz maraqlarına uyğun olaraq siyasətini yürüdür. Rusiya bu işlərdə ona görə canfəşanlıq edir ki, qarşıdakı məsələlərdə (sərhədlərin müəyyənləşməsi, sülh sazişi və s.) başqa ölkələr fəal olmasın. Bütün işlərin yürüdücüsü özü olsun. Rusiya Ermənistanla və Azərbaycanla sövdələşmə aparır. Dərdi də bölgədə varlığını davam etdirməkdir. Qafqazı təsir dairəsində saxlamaqdır. Rusların Ermənistana güvəni yoxdur, çünki  bu ölkədə artıq elə proseslər gedir ki, gələcəkdə Rusiya bu proseslərə nəzarəti itirə bilər... Əslində Rusiya bölgədə sabitliyin olmasından yana deyildir. Sülh sazişinin də, Zəngəzur dəhlizi ilə əlaqədar məsələlərin üzərinə belə tezlikdə gedəcəyi görünmür. Amma Ermənistan hakimiyyətini sözəbaxan etmək üçün tədbirlərini də ihmal etmir. Rusiya hansı təhlükələrin olacağını da proqnozlaşdırır. O Ermənistandan çox Azərbaycandan ehtiyat edir. Artıq beynəlxalq səviyyədə səslənməkdədir ki, Rusiya sülhməramlı qüvvələrinin mandatı yoxdur. Məlumdur ki, bu mandatı BMT verməlidir. Bu qüvvələr Azərbaycan ərazisində olduğuna görə Azərbaycanın onayı lazımdır. Azərbaycan isə istədiyi vaxt həmin qüvvələriə ehtiyac olmadığını söyləyib tələblər irəli sürə bilər. Ermənistanda indi belə düşünürlər ki, Rusiya- Türkiyə ikilisi birləşib Azərbaycanın maraqlarının təmin olunmasına çalışırlar. Paşinyan özü də ölkə içindəki radikal qüvvələrin fəallaşmasına imkan yaradır. Son vaxtlar ortaya çıxarılan Mili Demokratiya Qütbü adlı təşkilat və onların küçə mitinqləri ilə Rusiyaya mesaj verir. Bu təşkilat açıq şəkildə Rusiyaya qarşı çıxışlar edir. Ermənilər altdan altdan İran, Hindistan, ABŞ, Fransa və digər erməni dostlarının məsələnin üzərinə getməsinə şərait yaratmaq istəyirlər.

Fikir budur ki, Qarabağdakı ermənilərə hansısa "status" alsınlar, ondan sonra sülh sazişi və sərhədlərin müəyyənləşməsi məsələlərinə baxılsın. Buna görə Ermənistan terrorçu faktoru ilə, digər xırda məsələlərlə manipulyasiya edir, təkcə manipulyasiya deyil, şantaja da əl atmaqdadır. Ermənistan olmayan bir şeyi, "status"u  beynəlmiləlləşdirmək istəyir, hələlik maneələri aşa bilmir. İki ölkə XİN rəhbərlərinin bir araya gəlməsini bu yolda yaxşı addım sayanlar var. Azərbaycan Ermənistana və Rusiyaya qarşı daha sərt tələblərlə çıxış etməlidir. Qarabağda olan bir neçə min erməninin məsələsi varsa, Qərbi Azərbaycan türklərinin də məsələsi danışıqlar predmeti olmalıdır. Masada İrəvan Türk Cümhuriyyəti də olmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top