Deputat: "Müstəqilliyin bərpasını ərazi bütövlüyü təmin olunmuş dövlət kimi qeyd edirik"

GÜNDƏM 18 okt 2021, 11:58
“Bu gün Azərbaycan müstəqilliyinin bərpa edilməsindən 30 il ötür. 1991-ci ildən SSRİ-nin tərkibində olmuş dövlətlər müstəqilliklərini bərpa etməyə başladılar. Azərbaycan da 1991-ci ilin oktyabrın 18-də yenidən müstəqilliyinə qovuşdu. Bununla da xalqımız uzun müddət sonra yenidən müstəqil yaşamaq hüququnu bərpa etdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat vurğulayıb ki, həmin dövrdə siyasi və hərbi rəhbərliyin səriştəsizliyi nəticəsində Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsi işğal edildiyi üçün müstəqilliyimizin bərpa edilməsinin sevincini yaşaya bilmədik:

“Azərbaycanlılara qarşı Xocalı soyqırımı törədildi, şəhidlərimiz  oldu, xalqımız çətin günlər yaşadı, təəssüf ki, torpaqlarımızı geri ala bilmədik. Bu səbəblə, müstəqilliyimizin bərpa edilməsini sevinclə qeyd edə bilmədik. Keçən ilədək hər zaman Qarabağın işğaldan azad ediləcəyinin ümidi ilə yaşadıq, müstəqilliyimizin bərpasını ərazi bütövlüyü təmin olunmuş dövlət, xalq kimi böyük sevinclə qeyd edəcəyimiz günləri gözlədik. Keçən ilin sentyabrında başlayan Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, ərazilərimiz erməni terrorçularından təmizlədi, suveren hüquqlarımız bir daha təsdiq olundu. Bu gün Azərbaycan Silahlı Qüvvələri sərhədboyu təhlükəsizliyi təmin edir, ərazi bütövlüyümü qoruyur. Bu gün Azərbaycan müstəqilliyinin bərpasını ərazi bütövlüyü təmin olunmuş dövlət kimi qeyd edir. Müstəqillik və ərazi bütövlüyü uğrunda yolda biz böyük çətinliklərdən keçdik”. 

Deputat bildirib ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövləti bu gün müstəqildir, suverendir və regionun ən güclü dövlətlərindən biridir:

“Müstəqil Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, tranzit ölkəsinə çevrilib. Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq, bərpa işlərini heç bir dövlətdən kredit almadan, öz gücü ilə həyata keçirir. Biz artıq məcburi köçkünlərin yurdlarına qayıtmasına hazırlaşırıq. Bununla da, Azərbaycan Qafqazda daimi sülhün qarantına çevrilir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top