"İran Azərbaycanı qorxutmaq, təhdid etmək istəyir" — Ekspert detalları açıqladı

GÜNDƏM 12 okt 2021, 19:38
“İranın Zəngəzur dəhlizinə alternativ yaratmaq cəhdləri əbəs yerədir. Bu, sadəcə Zəngəzur dəhlizinə, onun mahiyyətinə mane olmaq məqsədi daşıyır. Alternativ dəhlizdə maraqlı qüvvələr var. Bu qüvvələr təkcə İran və Ermənistan deyil, həm də Hindistandır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.

Ekspert qeyd edib ki, Hindistan da birbaşa şəkildə alternativ dəhlizin yaradılmasının tərəfdarıdır:

“Hindistan XİN rəhbərinin bu günlərdə Ermənistana səfəri də bununla əlaqəlidir. Çinin də alternativ dəhlizdə müəyyən qədər maraqlı tərəf olduğunu deyə bilərik, lakin bu, Zəngəzur dəhlizinin region ölkələri üçün daha əhəmiyyətli variant olduğu reallığını dəyişdirmir. İran Zəngəzur dəhlizinə alternativ yaratmağa çalışsa belə, Rusiya amili onun qarşısında olacaq. Rusiya isə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və dəhlizin ən qısa zamanda işə düşməsi üçün çalışır. İran da yaxşı anlayır ki, Rusiyanın regionda təsiri hansı dərəcədədir. Düzdür, Zəngəzur dəhlizi açılmasa, Rusiya alternativ yollardan-dəhlizlərdən istifadə edə bilər, amma bu, onun maraqlarına xidmət etməyəcək. Bu halda, Rusiyanın əldə edəcəkləri daha az olacaq. Digər tərəfdən, başqa bir dəhliz yaradılsa, mütləq şəkildə Gürcüstan ərazisindən keçməlidir. Gürcüstanın bu məsələyə necə yanaşacağı isə bilinmir. Çünki qısa müddət əvvəl Gürcüstan tərəfi İrandan gələn yükləri saxladı, İran vətəndaşlarının ölkəyə girişini qadağan etdi. Bir sözlə, istənilən halda, İranın Zəngəzur dəhlizinə alternativ yaratmaq cəhdləri bir çox maneə ilə qarşılaşacaq. İran da bunu yaxşı anlayır, sadəcə Zəngəzur dəhlizinə mane olmaq cəhdlərini davam etdirmək niyyətindədir. Lakin alternativ dəhlizin region üçün əhəmiyyətli rol oynayacağını və digər dövlətlər tərəfindən müsbət qarşılanacağını düşünmürəm”.

İranın sərhədə və Xəzər dənizinə yeni qüvvələr göndərməsinə toxunan ekspertin sözlərinə görə, bu, ciddi bir hadisə deyil: “İranın sərhədə və Xəzər dənizinə yeni qüvvələr göndərməsi böyük əhəmiyyət daşımır. İran əvvəldən Azərbaycana qarşı öz niyyətini bəlli edirdi, son hadisələrlə bunu daha açıq ortaya qoydu. Belə fikirlər var ki, İranın bu hərəkətləri İsrail və Türkiyəyə qarşıdır, amma mən belə düşünmürəm. İran birbaşa nə İsrailə, nə də Türkiyəyə qarşı addımlar atır, bəyanatlar verir. İranın bütün addımları Azərbaycana qarşı yönəlib. İran Azərbaycanı qorxutmaq, təhdid etmək istəyir, amma bu istəyi heç cür alınmır. İran Rusiyadan dəstək görmək istəyirdi, amma İran XİN-in Moskvaya səfəri gözlədiyi və istədiyi kimi nəticələnmədi. Nəticə etibarilə, İran öz imicinə zərbə vurdu, əsl üzü və niyyətləri məlum oldu. İranın Azərbaycana qarşı addımları ilə niyyəti açıq müstəviyə çıxdı. Son hadisələrə nəzərən deyə bilərik ki, İran tərəfi artıq Azərbaycanla müsbət yeniliklərin olmasında maraqlıdır, bunun əhəmiyyətini başa düşür. Lakin bunun üçün daha fərqli addımlar atılmalıdır. İranla Azərbaycan arasında güc savaşı olmadı, daha çox soyuq müharibə gedir. Azərbaycan da İranın məqsəd və niyyətini anladı. İran təxribatlarını davam etdirdikcə özünü daha çətin vəziyyətə salır. Onun sərhədə və ya Xəzər dənizinə qüvvələr göndərməsinin heç bir əhəmiyyəti yoxdur”.

Aygül Qarayeva
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top