Azərbaycan BMT-də Gürcüstanı dəstəklədi

XARİCİ SİYASƏT 09 okt 2021, 11:58
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyası çərçivəsində “Gürcüstanla əməkdaşlıq” adlı hesabat təqdim edilib.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə Gürcüstanda insan haqları ilə bağlı vəziyyət və işğal altında olan Abxaziya və Cənubi Osetiyadakı durum əksini tapıb.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, toplantıda nazir müavini Aleksandr Xvtisiaşvili BMT-yə üzv ölkələrin nümayəndələrini işğal altında olan ərazilərdəki ağır humanitar vəziyyət barədə məlumatlandırıb.

O qeyd edib ki, işğalçılar tərəfindən qanunsuz olaraq dəmir məftillərin çəkilməsi, işğal xəttinin bağlanması və tibbi təxliyədən imtina edilməsi humanitar vəziyyətin pisləşməsi və insanların ölümü ilə nəticələnib.

Hesabatda vurğulanıb ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarın nümayəndələrinin əvvəlki illərdə olduğu kimi işğalda olan ərazilərə daxil olmasına icazə verilməyib. Sənəddə Abxaziya və Tsxinval bölgələrinə Ali Komissarlıq, digər beynəlxalq və ya regional təşkilatların nümayəndələrinin daxil olmasına şəraitin yaradılması ilə bağlı çağırış da yer alıb.

Sessiyada iştirak edən Avropa İttifaqı, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Estoniya, Latviya, Litva, Moldova, Polşa, Ukrayna, Finlyandiya və İsveç nümayəndə heyətləri Gürcüstana dəstək ifadə ediblər. Onlar Gürcüstanda insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş irəliləyişi alqışlayıblar, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək ifadə ediblər. Gürcüstanın işğal altında saxlanılan ərazilərində insan hüquqları ilə bağlı vəziyyətdən narahatlıq da bildirilib.

Xatırladaq ki, Azərbaycan bu il artıq ikinci dəfədir ən ali beynəlxalq qurumda Gürcüstanı dəstəkləyir. Belə ki, bu ilin iyununda BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 75-ci sessiyası çərçivəsində “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamə qəbul olunub və Azərbaycan sənədin lehinə səs verib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top