Elçin Şıxlı: "Qəzetlərə pul paylamaq lazım deyil"

MÜSAHİBƏ 06 okt 2021, 13:55
Lent.az-ın “Məndən soruş” layihəsinin bu dəfəki qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.

O, Lent.az-ın suallarını cavablandırıb:

- Dövlət jurnalistə ev verməlidirmi?

- Yox.

- Medianın İnkişafı Agentliyi mətbuat üçün nəsə edə bilir?

- Çalışırlar etməyə. Amma hələlik nəsə bir şey söyləmək çətindir və tezdir. Bu mənada ki, media haqqında yeni qanun hazırlanır, o qanunun müzakirələri gedir. Parlamentə təqdim olunub, orada müzakirələr gedəcək. Bundan sonra artıq biz Medianın İnkişafı Agentliyindən nəsə tələb etmək və gözləmək iqtidarında olmalıyıq.

- Peşəkar jurnalistika niyə söyüş, troll, reket jurnalistikaya uduzur?

- Troll, söyüş, reket jurnalistikaya heç bir aidiyyəti olmayan şeylərdir. Peşəkar jurnalistika onlara uduza bilməz, çünki jurnalistika bir başqadır. Sadalanan məqamlar tam başqa. Yəni, jurnalistikaya aid olmayan bir şeylərdir.

- Mətbuatda artıq uzun zamandır “Jurnalistlər binası” ifadəsi formalaşıb. Belə bir ifadə nə dərəcədə yaxşıdır?

- Bina jurnalistlər üçün tikilibsə və orada jurnalistlər yaşayırsa, normal bir ifadədir. Burada qeyri-adi bir şey görmürəm. Məsələn, sovet dövründə yazıçılar üçün binalar tikilirdi, deyirdilər “Yazıçıların binası”, akademiklər üçün olan binaya “Akademiklərin binası”, rəssamlar və bəstəkarlar və.s. Burada bir şey yoxdur.

- Hansı jurnalistlərin yazılarını daim izləyirsniz?

- Konkret bir ad çəkə bilmərəm, çünki mən redaktoram. Ona görə də bir çox yazıları oxuyuram. Və çox müəlliflərin yazılarına diqqət yetirməli oluram.

- 37 ildən sonra Şuşanı görmək necə hiss idi?

- Möhtəşəm bir hiss idi. Çünki mən Şuşada sonuncu dəfə 1984-cü ildə olmuşam. O zaman Üzeyir bəyin orada büstü və ev muzeyinin açılış mərasimi idi. Mən işlədiyim Xarici Ölkələrlə Dostluq və Mədəni əlaqələr Cəmiyyətinin xətti ilə Ceyhun bəy Hacıbəylinin oğlu məhz bu tədbirlə bağlı Bakıya dəvət olunmuşdu. Mən də onu müşayiət edirdim. O zamankı hislər tam başqa bir şey idi. Yəni, adi, Azərbaycanın gözəl guşəsinə səyahət idi. Amma bu dəfəki, may ayındakı musiqi, “Xarı bülbül” festivalına getməyimiz və orada keçirdiyim hisslər tamam bir başqa şey. Çünki biz, orada olanlar, sinədolusu geniş nəfəs ala bilirdim. Xankəndini ayağımızın altında idi. Söhbət Xankəndinin özündən getmir, orada olanlardan gedir. Ona görə də onların ayağımızın altında olmağı insana xüsusi bir zövq verirdi. Burada hansısa bir anti-insani şey düşünməyin. Sadəcə, insan orada özünü qartal kimi hiss eləyir.

- Maska taxmaq daha bezdiricidi, yoxsa əlləri təmiz saxlamaq?

- Mən əllərimi həmişə təmiz saxlayıram. Maska taxmaq müəyyən mənada rahat nəfəs almağa bəzi məqamlarda imkan vermədiyi üçün təbii ki, daha bezdiricidir. Məsələn, bundan əvvəl iki dəfə əllərimi yuyurdumsa, indi 22 dəfə yuyuram. Yəni, əli və ümumiyyətlə, şəxsi gigiyenanı qorumaq lazımdır.

- Yazıçılar Birliyinin üzvüsünüz. Anar müəllim isə yenidən AYB sədri olmaq istəyir. Qurultaya nümayəndə seçilsəniz, ona səs verərsiniz?

- Məni bundan əvvəlki qurultaya dəvət etməmişdilər, bir. İkincisi, Anar müəllimə və yaxud bir başqasına səs vermək üçün plenum üzvü olmaq lazımdır. Mən isə plenum üzvü deyiləm.

- Sizcə, dövlət-media münasibətləri necə qurulmalıdır?

- Çətin prosesdir. Belə münasibətləri, ümumiyyətlə qurmaq lazım deyil. Söhbət ondan gedir ki, informasiya, yəni medianın istehsal etdiyi məhsul bütün dövrlərdə çox lazımlı və sanballı bir əmtəədir. İnformasiyanın doğru, düzgün işlədilməsi, alınması və ondan yaxşı mənada bəhrələnmək üçün dövlət gərək öz informasiya siyasətini elə qursun ki, media strukturları ilə antaqonist bir mənzərə və məqamlar yaranmasın. Yəni, dövlət medianı tənzimləməməli, media ilə daha doğrusu informasiya ilə işləməyi bacarmalıdır.

- Qəzet tarixə qovuşur, deyirlər. Amma yaxın qonşularda və inkişaf etmiş ölkələrdə qəzetçilik hələ də funksionaldır. Biz necə edə bilərik ki, qəzet ölməsin, yaşasın, oxunsun?

- Bu mənim üçün çox yaralı bir məqamdır. Bəli, doğru söyləyirsiniz. Hətta Gürcüstanda belə qəzetlər ölməyib, işləyir, qəzetlərdə reklam da var, oxuyan da. Bütün dünyada belə bir proses gedir ki, bu da texnoloji inkişafdan irəli gəlir. Tutalım, 15-20 il bundan öncə “New York Times”qəzetinin tirajı təxminən 6 milyon idisə, indi ola bilsin ki, 3 milyondur. Amma eyni zamanda onların onlayn versiyaları və saytları var. Həmin onlayn versiya və saytlar gəlir gətirir. Çünki orada insanlar nəyisə oxumaq istəyirlərsə, pul ödəyirlər. Biz də nə qədər çalışsalar da, mümkün deyil. Sovet dövründən qalma çox pis vərdiş var: Biz müftə şeylərə çox öyrəşmişik. Tutalım, “New York Times”da və ümumən dünyada belə bir tendensiya var ki, əgər qəzeti onlayn versiyada oxumaq istəyirsənsə, ya onu gərək çıxdığı gün oxuyasan, çünki arxivi pulludur. Ya da sabah oxuya bilərsən. Təzə-təzə informasiyanı ala bilmirsən.

Biz də isə qəzetləri dirçəltmək üçün ümumən qiraət vərdişi yaratmaq lazımdır. Gənc nəsildə müəyyən obyektiv və subyektiv səbəblərdən oxumaq vərdişi yoxdur. Bu əlifbaların dəyişməsinin nəticəsi ola bilərdi, normaldır. O zaman bizim gənclər daha doğrusu, uşaqlar məktəbdə latın qrafikası ilə təhsil alırdılar, amma qəzetlərimiz və ədəbiyyatın mütləq əksəriyyəti kiril əlifbasında idi. Ona görə də dərslikdən başqa bizim uşaqlarda başqa nəsə oxumaq istəsəydilər belə, oxuya bilmirdilər. Çünki heç də hamı kiril əlifbasını bilmirdi. Bundan sonra bizim qəzet yayımı sistemi darmadağın edildi. Bunun da müəyyən səbəbləri var. Bu günlərdə bizim həmkarımız Akif Aşırlı “Facebook”da status paylaşmışdı ki, “Sabah “Şərq”i alın və oxuyun”. Bir çoxu şərh yazmışdı ki, “Baş üstə”. Mən də öz –özümə belə sual verdim ki, “Hardan, mənim əzizim, Akif Aşırlı. Mən o qəzeti haradan ala bilərəm?” Nə abunə sistemi işləyir, köşklərdə də qəzetdən başqa nə desəniz satılır. Nə qədər ki, biz yayım sistemini normal şəklə salmamışıq. Daha doğrusu, bundan öncə normal işləyirdik, qəzetlər çıxırdı, yayılırdı, tirajları da var idi. Hələ bir xeyli iş görmək lazımdır. Az öncə verilən suallardan birində dedyiniz kimi: Medianın İnkişafı Agentliyi nə edib? Onun əsas vəzifələrindən biri də yayım sistemini normal hala gətirməkdir.

- Gənclər indi köşklərdən qəzet deyil, şokolad, saqqız, siqaret alır. Kitab, qəzet almaları üçün nə etməliyik? Çap mətbuatına bununla son qoyuldumu?

- Təsadüfən olsa da, bundan əvvəlki sualın sanki davamıdır. Bundan ötrü yenə deyirəm, oxumaq vərdişi yaratmaq lazımdır. Məsələn, bir çox xarici ölkələrdə, inkişaf etmiş qərb, Avropa ölkələrini deyirəm, orada qəzetləri bir çox hallarda avtobus dayanacaqlarında, metrostansiyalarında, qatar, dəmiryolu vağzalında xüsusi köşklərdən pulsuz götürüb, gedəcəyiniz ünvana qədər oxuya bilərsiniz. Özünüzlə götürə də bilərsiniz, amma oxumusunuzsa, yenidən onu növbəti dayanacaqda həmin köşkə qaytara bilərsiniz, bu bir.

İkincisi, məktəb və bizim ali təhsil ocaqlarında qəzet köşkləri olmalıdır. Onları satmamalı, şagird, tələbələrə zorla abunə yazdırmamalıyıq. Oxumaq vərdişi yaratmaq üçün bu aksiya olmalıdır. Yenə də, bu aksiyada Medianın İnkişafı Agentliyi qəzetlərə dəstək olmalıdır. Bu mənada ki, həmin o paylanılacaq qəzetlərin ödənişini Media Agentliyi etməlidir. Daha qəzetlərə pul paylamaq lazım deyil. Onlara birbaşa pul ötürməyə heç bir ehtiyac yoxdur. Yayım şirkətləri ən azından 30-40 faiz hər nüsxədən pul götürür. Media Agentliyi buna kömək etməlidir. Müəyyən faizi öz üzərinə götürməlidir, yəni, dövlətin ayırdığı büdcə varsa. Daha sonra qəzet çapında müəyyən məqamlarda xərclərinin bir hissəsini qəzetlər deyil, mətbəə ödəsə olar. Bir məqamda odur ki, qəzet köşklərində biz qəzet satmalıyıq. İndiki köşklərə yaxınlaşsanız, saqqız, siqaret, şokolad tapacaqsınız. Qəzet görməyəcəksiniz. Görsəniz də, qıraqda saralmış, bərbad şəkildə görəcəksiniz.

- Sərt karantin zamanı qəbul edilən ən məntiqsiz qadağa hansıdır?

- Məntiqsiz qadağaların sayı o qədərdir ki, birini söyləməklə bitməz.

- Qələm, yazı makinası, yoxsa kompüter?

- Yazı makinası deməzdim, o artıq keçdi. Qələm hər halda mənə daha yaxındır, qələmlə işləyirəm. Təbii, kompüterlə də işləyə bilirəm. Amma qələmlə yazanda mənə elə gəlir ki, fikir qələmin arxasınca daha yaxşı çatır. Fikrimcə, qələmlə fikir, əllə beyin arasında müəyyən mənada daha yaxşı əlaqə qurur. Düzdü, kompüter asandır, vaxta qənaət edir. Amma eyni zamanda çox düşüncəli, dərin bir şey yazmaq istəyirəmsə, qələmə daha çox üstünlük verirəm. Amma hər halda fikir varsa, fikir yoxdursa, heç nə kömək eləmir.

- Mətbuatda az rast gəlinən və əslində isə bizə ən çox lazım olan söz hansıdır?

- Söz və fikir azadlığı. Məcazi mənada bu suala ancaq belə cavab vermək olar.

- Ədəbiyyatımızın bugünkü durğunluğunun səbəbkarı kimlərdir? AYB, yoxsa yazarların özləri?

- Bilirsiniz, günahların hamısını AYB-də görmək lazım deyil. İnsan nəsə yazmaq, ifadə eləmək istəyirsə və bacarırsa, hay-küydən uzaqdırsa, cəmiyyət, oxucular, insanlar, milləti üçün dəyərli bir iş arzusundadırsa, oturur və yazır. Şeir, nəzm, nəsrdimi, bunun heç bir aidiyyəti yoxdur. İndi özəl mətbəələr, nəşriyyatlar var. Kim, hansı mətbəəyə, nəşriyyata müraciət eləyir və cibində pulu varsa, onun çap olunması üçün AYB-nin heç bir qadağası keçə bilməz. Yəni, AYB hazırda yazmağa heç bir qadağa qoymur, heç kimin əlindən tutmur. Ümumiyyətlə, yazı yazmaq üçün AYB üzvü olmaq vacib deyil. Yazmaq istəyirsinizsə, yazın.

- “Ayna”ya görə hələ də narahatsınız?

- Əgər, söhbət qəzetdən gedirsə, bəli narahatam. İstəyərəm ki, qəzeti buraxa bilim. Amma bayaq söylədiyim məqamlar var. Ümumən, həmin məqamları, şəraiti yarada bilməsək, qəzeti çap etməyin heç bir mənası yoxdur. İstənilən media strukturu kimi qəzet özü-özünü dolandırmalıdır. Özünü dolandırmaq üçün birinci tiraj, ikinci reklam lazımdır. Tiraj və qəzeti satmaq üçün yer olmalıdır. Yayım şəbəkəsi isə dediyim kimi darmadağın olub. Onu bərpa edəndən sonra “Ayna”nı qəzet şəklində yenidən bərpa etmək haqqında düşünmək olar.

- İsmayıl Şıxlı yaşasaydı, bizə ən böyük iradı nə olardı?

- O, irad tutmağı heç zaman xoşlamazdı. Biz övladları olaraq təbii ki, səhvlərə yol verirdik, onun bəyənmədiyi hansısa bir hərəkətlər edirdiksə, o çalışırdı bizə izah eləsin ki, bu səhvləri, hərəkətləri daha etməyək. Bircə sözü var idi: “Adam olun, insan kimi yaşayın”.

- Özünüzü hansı ədəbi qəhrəmana bənzədərdiniz?

- Heç birinə. Hər bir insan özünə görə bir fərddir və heç kimə bənzəməməlidir.

- Azərbaycanda rus dilində təhsilə nə qədər ehtiyac var?

- Bu sualı son zamanlar çox verirlər. Rus dilində məktəblərin olmamağı normal, labüd bir şeydir. Sadəcə, rus dilini biz bilməliyik. Çünki Rusiya yaxın qonşumuzdur və bizi həmişə narahat edən qonşumuzdur. Ona görə də rus dilini bilməliyik. Təbii ki, bir sıra ədəbiyyat da rus dilindədir. Onu oxumaq üçün dili bilməliyik. Amma rus dilində olan ədəbiyyatın böyük bir hissəsi də xarici dillərdən, əsasən ingilis dilindən tərcümədir. Ona görə də texniki ədəbiyyatdan söhbət gedirsə, bəlkə birbaşa ingilis dilini öyrənmək daha yaxşı olardı. Rus dilində təhsilə gəlincə, biz də ruslar da yaşadığı üçün digər millətlər kimi onların da öz dillərində təhsil almaq hüququ var. Amma bu yerdə müəyyən məqamlar var. Məsələn, dövlət heç də öz büdcəsindən rus məktəblərini saxlamağa borclu deyil. Rus dilini tədris etməliyik, öyrənməliyik, amma rus dilində təhsil almaq istəyənlər varsa, indi özəl ingilis dilli məktəblər var. Getsinlər pullarını verib, təhsillərini alsınlar. Amma dövlət heç də rus dilli məktəbləri saxlamağa borclu deyil.

- Şuşanın alınma xəbərinə ilk reaksiyanız necə oldu?

- Vallah, sevincimin həddi-hüdudu yox idi. Təbii ki, hamıda eyni vəziyyət idi.

- Oxucular öz “Ayna”sını niyə axtarmır?

- Bu bir az mənə aid olmayan sualdır. Gərək, ümumən “Ayna” olsun ki, oxucu da onu axtara bilsin.

- Sizcə, niyə jurnalistika sahəsində yeni təşkilatlar yarandı və qeydiyyatdan keçdi, amma ədəbiyyat sahəsində yox?

- Burada, belə bir məqam var. Hamıya elə gəlir ki, ən asan peşə jurnalist peşəsidir. Yəni, iki cümləni yazıb, bir fikri yazılı şəkildə ifadə edə bilirəmsə, deməli mən jurnalist ola bilərəm. Amma bilmirəm, ədəbiyyat sahəsində niyə belə olmadı. Yəqin ki, AYB kifayət edir, ona görə. Hamı AYB-yə üzv olmaq istədi. Əslində bu qədər jurnalist təşkilatına ehtiyac yoxdur. Amma indi onu yaradanlar özləri bilərlər. Yəni, hansısa bir məqsəd, fikir, planları var ki, bunu ediblər. Ola bilsin, kimsə kimdənsə nəyisə ummaqdansa, özü hərəkət etmək istəyir. Ona görə yaradıblar, yəqin.

- Sizcə, müharibə şəraitində olan ölkəyə demokratiya və söz azadlığı nə qədər lazımdır?

- Demokratiya və söz azadlığı həmişə lazımdır və mütləqdir. Çünki sadəcə olaraq müharibə gedirsə, əgər bizi nəzərdə tutursunuzsa, biz də müharibə yoxdur. Nə mənada? Çünki biz müharibə elan etməmişdik. Torpaqlarımızı işğaldan azad etmək üçün anti-terror əməliyyatı keçirdik. Bunu da uğurla keçirdik. Bunu İkinci Qarabağ savaşı, Vətən müharibəsi adlandırırıq və düz də edirik. Amma hərbi vəziyyət elan olunmayanda o dediyiniz həm demokratiya, həm söz azadlığı öz qüvvəsində qalır. Əgər, hərbi vəziyyət, yaxud fövqəladə hal elan olunursa, rəsmi şəkildə həmin elan olunan qaydaların öz şərtləri var. O şərtlərə görə yaşayırıq. Bu da müvəqqəti bir şeydir.

- Status-kvo ilə bərabər nəyin cəhənnəmə getməsini daha çox istərdiniz?

- Mən kinin, küdurətin, qeyri-insani istəklərin cəhənnəmə getməsini istərdim. Status-kvo deyəndə nəyi nəzərdə tutduğunuzu, təbii ki, anlayıram. İndi də bir çoxları hələ də çalışır ki, Qarabağın status məsələsini diriltsin. O cümlədən də Minsk Qrupunun həmsədrləri. Amma ölkə rəhbəri və biz özümüz də millət olaraq deyirik ki, heç bir statusdan, muxtariyyətdən, söhbət gedə bilməz. Çünki biz bu məsələni həll etmişik. İndi xırda-para yerlərdə bizim ərazidə yaşayan ermənilər qalıb. Onlar da son zamanlar artıq eşidirik ki, bəziləri bizim vətəndaşlığı qəbul etməyə hazırdı. Biz də şərtlərimizi qoymuşuq: Azərbaycan vətəndaşlığını qəbul etsinlər, Azərbaycan vətəndaşı kimi yaşamağa razı olsunlar. Onların heç bir problemi olmayacaq. Yəni, digər Azərbaycan vətəndaşları kimi onlar da eyni hüquqlardan istifadə edəcəklər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top