12-15 yaşlı yeniyetmələrə də "COVID-19" peyvəndi vurulmalıdırmı? — CAVABLAR

GÜNDƏM 05 okt 2021, 22:38

12-15 yaşlı yeniyetmələrə də "COVID-19"​ peyvəndi vurulmalıdırmı? - Ekspertlər

"Tək mRNT Pfizer deyil, "Sinovac” vaksinini də 12-15 yaşlı uşaqlara vurmaq olar”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə Azərbaycanda 12-15 yaşı tamam olan yeniyetmələrə də "COVID-19" əleyhinə peyvənd vurulması məsələsinə toxunarkən deyib: 




"Ehtiyac var. Virusun "Delta” ştammı yaranıb. "Delta” ştammı isə orta və aşağı yaşlı uşaqlarda xəstələnməyə səbəb olur. Hətta orta yaşlı uşaqlar arasında bu virusdan ölüm halları da artır. 10 yaşa qədər virus ciddi fəsad törətmir. Amma 10 yaşdan sonra, ciddi fəsadlar törətməsi ehtimalı çoxdur. Bu mənada vaksin vurdurulması yaşının 12-15 yaşa endirilməsini düzgün addım hesab edirəm. 

Bu yaşda olan uşaqlara "COVID-19" əleyhinə yalnız mRNT Pfizer peyvəndinin vurulmasına gəldikdə, infeksionist bildirir ki, elmi-tədqiqat işləri aparılıbsa, ilkin nəticələr varsa, sözügedən vaksin vurula bilər:

"Amma Çinin "Sinovac” vaksini innovaktiv olduğundan onu da 12-15 yaşlı uşaqlara qeyd-şərtsiz vurmaq olar”. 

"Dünya təcrübəsi göstərdi ki, 10 yaşdan yuxarı uşaqların peyvəndlənməsi zəruridir”.

Bunu isə Qaynarinfo-ya Milli Məclisin deputatı Musa Quliyev deyib. Deputat bildirib ki, 12-15 yaşlı yeniyetmələrə peyvənd vurulmasının tərəfdarıdır: 




"Çünki uşaqlar da kollektiv içindədir. Tez-tez bir-birilə ünsiyyətdə olurlar. Düzdür, uşaqlar virusa yoluxanda yüngül keçirirlər, amma daşıyıcı kimi problemlər yaranır. Digər tərəfdən, artıq məktəblər açılıb. Təcrübə göstərdi ki, bu müddətdə yoluxanlar arasında uşaqlar da var. Onları da qorumaq üçün uşaqların peyvəndlənməsi zəruridir. 

Ümumiyyətlə, peyvənd olunan insanların sayı faiz nisbətində nə qədər çox olarsa, bütövlükdə epidemiyaya bir o qədər tez qalib gələ bilərik. Təbii ki, uşaqların peyvəndlənməsi məcburi şəkildə olmamalı, valideynlərin razılığı burada mütləqdir. Peyvənd vurdurdu, vurdurmadı - bütün uşaqlar məktəbə getməlidir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top