Cəbrayıl erməni işğalından azad olunan ilk rayonumuz

GÜNDƏM 04 okt 2021, 18:18
Azərbaycanın tarixi torpaqları indiki dövlətimizin sərhədlərindən çox geniş olub. Əsrlərdən bəri torpaqlarımız yadellilər, yurdsuzlar tərəfindən işğal edilib, mənimsənilib, şəhər və kəndlərimizin adları dəyişdirilib. 

Son 30 il ərzində də erməni faşistləri torpaqlarımızın 20 faizdən çoxunu işğal edərək mənimsəməyə çalışmışdı. Yüz illərdən bəri olduğu kimi bu torpaqlarda vəhşiliklər törətmiş, dinc sakinləri qanına qəltan etmiş, şəhərləri, kəndləri dağıdaraq yerlə yeksan etmişdi.

1993-cü il 23 avqust tarixində erməni quldurları tarixən Azərbaycana məxsus olan Cəbrayıl rayonunu da işğal etmişlər.

Bir sıra mənbələrdə deyilir ki, Cəbrayıl rayonunun adı eyni adlı kəndin əsasını qoyan VIII əsrdə yaşamış Sultan Əhməd adlı hökmdarın yaxın adamlarından olan Cəbrayıl Ata deyilən bir nəfər olub. Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl Ataya və onun övladlarına məxsus olub. 

Lakin burada olan saysız-hesabsız mağaralar, bürclər, qədim abidələr, məbədlərin qalıqları bu rayonun 8-ci əsrdən daha əvvəl mövcud olduğundan xəbər verir.
Cəbrayıl rayonu iqliminə, havasına, suyuna, münbit torpağına görə ən sərfəli ərazilərdən hesab olunur. Burada minillərlə azərbaycanlılar yaşamış, maldarlıq, üzümçülük, taxılçılıq, baramaçılıq və tərəvəzçiliklə məşğul olmuşlar. Rayonda elmin inkişafı yüksək səviyyəyə çatmışdı. 

İşğaldan əvvəl rayon ərazisində 72 tədris ocağı fəaliyyər göstərirdi. Müəllimlərin sayı 1660 nəfərdən çox idi. Rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycanın, eləcə də Cəbrayılın qədim tarixini özündə əks etdirən 20 mindən çox eksponat vardı. Klublar, mədəniyyət evləri, kitabxanalar və bir sıra sənaye müəssisələri fəaliyyət göstəridi.

Rayonun ərazisi eyni zamanda sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Bu rayonun ərazisində dəmir filizi, hətta neft yataqları da vardır.

Erməni vandalları Cəbrayıl rayonunu işğal altında saxladıqları 27 il ərzində tamamilə tanınmaz hala salıblar. Cəbrayıl şəhərini və rayonun 4 qəsəbə və 97 kəndini darmadağın ediblər. Mədəni, tarixi abidələrimizi, məscidlərimizi, dini abidələrimizi, qəbristanlıqlarımızı yerlə yeksan ediblər. Dağtumaş kəndi yaxınlığında yerləşən “Divlər sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı “Mazannənə”, “Mərmər nənə” məqbərələri kimi arxeoloji, Doğumtaş kəndindəki “Başıkəsik Gümbəz”, Şirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki  “Dairəvi 8 güşəli Türbə” və məqbərələr, türk qəbristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıdılmışdı.

Erməni vandalları demək olar ki, bütün yeraltı və yerüstü maddi-mənəvi  sərvətlərimizi talan ediblər. Meşələri yandırıb ekologiyamıza ciddi ziyan vurublar. 
Ümumiyyətlə Ermənistan ordusunun Cəbrayılı işğal etməsi nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllılar öz tarixi torpaqlarından, ata-baba yurdalarından didərgin düşüblər. Evləri dağıdılıb, mal-qaraları qarət olunub.

27 il müddətinə Azərbaycan Silahlı qüvvələri tədricən Cocuq Mərcanlı, Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şədbəy, Quycaq kəndləri, Cəbrayıl şəhərini mənfur, cinayətkar düşməndən təmizləmişdi.

44 günlük müharibə təticəsində Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə işğal edilmiş ərazilərimiz cinayətkarlardan təmizlənmişdi. Cəbrayıl rayonu İlk azad olunan rayonumuzdur.

 4 oktyabr 2020-ci il Cəbrayılın işğaldan azad olunan günü kimi tarixə yazıldı.

Hal-hazırda bu yerlərdə quruculuq-abadlıq işləri gedir. Minlərlə cəbrayıllı öz doğma vətəninə qayıdacağı günü gözləyir. O gün artıq çox da uzaqda deyil.
Bu sevinci xalqımıza yaşatdığı üçün Ali baş Komandanımız İlham Əliyevə, Şanlı Ordumuza, qəhrəman, igid əsgərlərimizə, şəhid və qazilərimizə minnətdarıq.

Şəhla Ağbulud

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top