Ermənistanla Azərbaycan arasında müharibə səhifəsi tam bağlanmalı, etibarlı sülh səhifəsi açılmalıdır

SİYASİ 03 okt 2021, 11:31
Prezident İlham Əliyevin son müsahibəsində Ermənistan tərəfə xoşniyyətli mesajlar var  

Prezident İlham Əliyevin Vətən müharibəsinin birinci ildönümünü qeyd etdiyimiz bu günlərdə xarici mətbuata verdiyi ardıcııl müsahibələrdə diqqəti cəlb edən xüsusi məqamlardan biri Ermənistana ünvanlanan xoşniyyətli mesajlardır. 

Dünyanın nüfuzlu media orqanı olan İspaniyanın EFE informasiya agentliyinə də (qeyri-rəsmi olaraq, bu agentlik ispandilli ölkələrin “Euronews”u kimi qəbul edilir) müsahibəsində Azərbaycan Prezidenti yenidən açıq mövqe ortaya qoyub, bölgədə davamlı sülhün hansı halda mümkün olacağını açıqlayıb. Xatırlatmaq yerinə düşər ki, Prezident hələ ötən ilin noyabrında da EFE informasiya agentliyinə müsahibə vermişdi və oxşar bəyanatla çıxış etmişdi. Bildirmişdi ki, Azərbaycan müharibədən sonra Ermənistanla bir araya gəlməyə və ya danışıqlar masasına qayıtmağa razı olacaq. 

Bu dəfəki müsahibədə də Prezident Azərbaycanın mövqeyinə sadiq qaldığını vurğulayıb, həmçinin ilkin danışıqlar və təmaslarla bağlı müəyyən addımların atılmasına toxunub. Buna misal kimi, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində kommunikasiyaların açılması məsələsinə həsr olunan əməkdaşlıq formatını göstərmək mümkündür. Bundan başqa, bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gerçəkləşib. Prezident bu görüşün müharibə bitəndən sonra birinci dəfə baş verməsinin üzərində xüsusi dayanıb və görüşün konstruktiv, eləcə də ümidverici olduğunu bidirib. 

Təbii ki, bu təmaslar olduqca müsbətdir, amma yetərli deyil. Bunun daha irəli daşınması üçün Ermənistan real addımlar atmalı, Azərbaycanın mesajlarına adekvat cavab verməlidir. Normal münasibətlərin qurulması üçün Azərbaycanın əsas şərtləri ortadadır:

1. Hər iki ölkənin ərazi bütövlüyü qarşılıqlı tanınmalıdır. 

2. Dərhal sərhədlərin delimitasiyasına və bu proses bitəndən sonra demarkasiyasına başlanılmalıdır.

3. Gələcək sülh sazişi üzərində birgə iş aparılmalıdır. 

Azərbaycanın bu mövqeyinə Ermənistanın müsbət reaksiyası isə hələ də ortada yoxdur.  

Prezident İlham Əliyevin sonuncu müsahibəsində jurnalistin “Sizin bu gün Baş nazir Paşinyanla bir araya gəlməyə heç bir niyyətiniz yoxdur” sualına cavabı Ermənistan tərəfinə ünvanlanmış növbəti xoşniyyətli addım kimi qavranmalı və siyasi iradə əsasında real işə başlanılmalıdır. Azərbaycan Prezidentinin “Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər” bəyanatı düzgün dəyərləndirilsə təbii ki, bu növbəti addımların atılmasına ciddi təkan verəcək. 

Əksinə, Ermənistan növbəti tarixi şansı əldən qaçırıb, revanşizm meyllərini daha da gücləndirsə, heç nə əldə edə bilməyəcək. 

Gəlin baxaq, Azərbaycan torpaqlarını 30 ilə yaxın bir dövrdə işğal altında saxlamaq Ermənistana nə verdi? Bu gün regionun ən geridə qalmış, xarici ianələrdən asılı, müstəqil siyasəti olmayan ölkəsi məhz Ermənistandır. Bu ölkənin iqtisadi durumu, bütövlükdə rəzil vəziyyəti göz önündədir. 30 ilə yaxın davam edən işğal dövründə məhz Azərbaycanın bütün sferalarda davam etdirdiyi təcrid siyasəti Ermənistanın həm siyasi, həm iqtisadi, nəhayət hərbi baxımdan çöküşü ilə nəticələnib. Azərbaycanın qələbəsi ilə bitən 44 günlük savaş Ermənistanın hansı durumda olduğunu bir daha çılpaqlığı ilə ortaya qoydu. Ermənistanın guya güclü orduya malik olması istiqamətində uydurduğu miflər də darmadağın edildi. Qalib, güclü Azərbaycanın qarşısında küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş məğlub Ermənistan dayanıb. Bu, məhz İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin doğurduğu reallıqdır...

Bütün bunlara rəğmən, müharibədən ötən bir il ərzində Azərbaycan xoşniyyətli mesajlarla çıxış edirsə, mövqeyinə sadiqlik nümayiş etdirirsə, Ermənistanın rəhbərliyi yaranmış regional vəziyyəti, reallığı düzgün dəyərləndirməlidir. Ermənistan üçün başqa çıxış yolu mövcud deyil. Bunun əksi Ermənistana yaxşı heç nə vəd etmir. Ermənistan anlamalıdır ki, Azərbaycanla normal, sivil əlaqələrə malik olmadan inkişaf etməsi, ayaqda durması mümkünsüzdür. Ermənistan revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları dayandırmalı, tarixən və beynəlxalq hüquq əsasında Azərbaycana məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərinə son verməlidir. Ermənistan hökumətinin reallığa uyğun davranması üçün güclü siyasi iradəsi olmasa, sülhə doğru əsaslı addımlar atmaq mümkün olamayacaq.  

Hansısa kənar dövlətlərin status məsələsinə dönüş etmək istəməsi bölgədə münaqişə ocağını alovlandırmağa, təsir imkanlarını saxlamağa xidmət edir. Məgər bu gün Dağlıq Qarabağ adlı ərazimi mövcuddur? 

Prezidentin Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərmanı əsasında iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaranıb. Azərbaycan Ordusunun qərarlaşdığı mövqelər də hamıya bəllidir. Bu geri dönüşü olmayan reallıqdır! 

Azərbaycan Prezidenti açıq şəkildə bəyan edir ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır: “Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

Beləliklə, Ermənistan bu reallıqla barışıb, Azərbaycanın müharibə səhifəsini bağlamaqla bağlı çağırışına müsbət cavab verməli  və bunun Ermənistanın yeganə xilası olmasını qəbul etməlidir. Vətən müharibəsindən öncəki son illər ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnalları həmin vaxt Ermənistan yanlış dərk etmişdi. Azərbaycanın sülh çağırışları zəiflik, gücsüzlük kimi anlaşılmışdı. İndi Azərbaycan Qalib Dövlət kimi müsbət çağırışlar edir. Qalır, Ermənistanın nəhayət ki, bunu düzgün qiymətləndirməsi...


Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top